
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, müxalifət
liderləri ciddi cinayət məsuliyyətinə cəlb olunmalı, onların
qanunsuz yolla əldə edilmiş aktivlərinin dövlətin xeyrinə
müsadirəsi prosesi isə əhəmiyyətli dərəcədə
sürətləndirilməlidir.
Trend xəbər verir ki, bunu baş nazir son parlament seçkilərindən
sonra keçirilən mətbuat konfransında verib.
Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının qələbəsinin icra
hakimiyyətinə köhnə siyasi və maliyyə sistemini tamamilə dağıtmaq
üçün aydın bir mandat verdiyini vurğulayıb. Eyni zamanda, baş nazir
rəqiblərini klassik siyasi rəqib hesab etməkdən imtina etdi və
onları əvvəlki rejimin strukturları adlandırıb.
“Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib. Bu qüvvələrin
rəhbərləri Ermənistan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məsuliyyət daşımalıdırlar. Onlar ictimaiyyətə artıq məlum
olan hallara görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Nəticə
etibarı ilə, bu qüvvələr siyasi qüvvələr deyil. Onlar oliqarxik
sistemi təmsil edirlər. Bütün cinayətkar-oliqarxik klan qanun
qarşısında məsuliyyət daşımalı və qanunsuz yolla əldə edilmiş bütün
əmlak müsadirə olunmalıdır”, – deyə N. Paşinyan bildirib.
O, xüsusilə “müharibə partiyası”na və “iqtisadi talan
partiyasına” qarşı yönəlmiş hüquqi prosedurların gücləndirilməsinin
vacibliyini qeyd edərək, onların aradan qaldırılmasının yeni
administrasiya üçün əsas siyasi vəzifə olduğunu vurğuladı.
“Kriminal-oliqarxik sistemin qanunsuz yolla əldə etdiyi
aktivlərdən məhrum edilməsi qanunsuz mənşəli əmlakın müsadirəsi
mexanizmləri, cinayət təqibi, dövlət maraqlarının müdafiəsi sistemi
və icma maraqlarının qorunması sistemi vasitəsilə xeyli daha
sürətli və yüksək templə həyata keçirilməlidir. Onların Ermənistan
Respublikasında fəaliyyət göstərməsi üçün heç bir imkan
qalmamalıdır”, — deyə Paşinyan bildirib.

