Milli maraqları təmin edən mükəmməl enerji strategiyası

Baş səhifə

Bakı. Trend:

Martın 3-də Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 4-cü iclaslarına evsahibliyi etdi. Bu
iclaslar hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin
yürütdüyü enerji siyasətinin ardıcıl və uzaqgörən olduğunun, qlobal
çağırışlara əsaslandığını və respublikamızın siyasi və iqtisadi
maraqlarını qətiyyətlə təmin etdiyini göstərdi.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatında
əməkdaşlıq mexanizminin formalaşdırılması Prezident İlham Əliyevin
enerji diplomatiyasının mühüm elementlərindən biridir. Ötən illərin
mənzərəsi göstərir ki, Avropa Komissiyasının da yaxından dəstək
verdiyi Məşvərət Şurası formatında əməkdaşlıq Cənub Qaz Dəhlizi
layihəsinin icrasına mühüm töhfələr verib. Prezident İlham Əliyev
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclaslarında çıxışında bununla bağlı deyib:

“Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq
on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız
dövrlə müqayisədə birlikdə – məhz birlikdə toplaşmağın və enerji
təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll
etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə
anlayırıq”.

Beləliklə, həm Məşvərət Şurasının yaradılması, həm də Cənub Qaz
Dəhlizi ilə bağlı digər vacib vəzifələrin uğurla yerinə yetirilməsi
göstərir ki, bu strateji layihənin həyata vəsiqə alması məhz
Prezident İlham Əliyevin qətiyyətinə və siyasi iradəsinə əsaslanıb.
Prezident İlham Əliyev bütün maraqlı tərəfləri, bütün siyasi və
iqtisadi strukturları bu layihə ətrafında səfərbər etdi, onları
komanda halında birləşdirdi. Respublikamızdan Avropaya 3500 km
məsafə qət edən bu enerji dəhlizinin 2020-ci ilin sonundan etibarən
tam gücü ilə işə salınması və Xəzərdən hasil olan təbii qazın
Avropa dövlətlərinə çatdırılması Azərbaycanın enerji siyasətinin
növbəti təntənəsi oldu. Bununla da respublikamız daha bir siyasi və
iqtisadi marağını inamla təmin etdi. Cənub Qaz Dəhlizi ilə Avropaya
təbii qazın nəqli nəticəsində Azərbaycanla Aİ arasındakı
siyasi-iqtisadi münasibətlər yeni keyfiyyət dövrünə qədəm qoydu.
Habelə Azərbaycanın Aİ üzvlərinin üçdə biri ilə əlaqələri strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Son illərdə Avrasiya məkanında baş verən hadisələr Cənub Qaz
Dəhlizi kimi enerji infrastrukturlarının fonunda Azərbaycanın
enerji siyasətinin nə qədər mükəmməl olduğunu bir daha təsdiq edir.
Ötən ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 12 dövlətə
təbii qaz ixrac edirdi. Bu gün isə həmin dövlətlərin sayı 16-ya
çatıb ki, onlardan da 10-u Aİ üzvüdür. Bir müddət əvvəl
Azərbaycanın Almaniyaya və Avstriyaya da qaz tədarükünə başlaması
respublikamızın Avropanın enerji bazarlarında ildən ilə güclənən
mövqeyindən xəbər verir.

Qarşıdakı planlara gəldikdə, Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu
genişləndirmək niyyətindədir. Azərbaycanın dəqiqləşdirilmiş təbii
qaz ehtiyatları buna tam imkan verir. Belə ki, cari ildə
“Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın
başlanması gözlənilir. Bundan başqa qarşıdakı dövrdə “Abşeron”
yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması və “Ümid”
yatağından ikinci mərhələ üzrə hasilata başlanması gözlənilir.
Azərbaycanın ixrac etdiyi təbii qazın əsas mənbəyi olan “Şahdəniz”
yatağı üzrə də qarşıdakı illərdə hasilat səviyyəsi daha da
yüksələcək. Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdə
olduğuna görə qarşıdakı dövrdə mövcud qaz nəqli infrastrukturunun
genişləndirilməsi də diqqət mərkəzində olacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci
və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil
siyasəti üzrə komissarı Dan Yorgensenin “Azərbaycanın qazı, qaz
təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu
olaraq qalacaq. Öz növbəsində, Avropa İttifaqı yaxın gələcəkdə
Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq” deməsi
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolunun
təsdiqi oldu.

Bu gün əsas qlobal çağırışlardan biri “yaşıl enerji”yə keçiddir.
Bu çağırışı zamanında dəyərləndirən Azərbaycan bu sahədə də mühüm
irəliləyişə nail olub. Respublikamız alternativ enerji mənbələri
yaradır, “yaşıl” və bərpaolunan enerjiyə sürətli keçid edir. Buna
görə Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 4-cü ildir ki, “yaşıl
enerji” məsələlərini əhatə edir və Azərbaycan ənənəvi enerji
sahələrində olduğu kimi Avropaya “yaşıl enerji”nin ixracı ilə də
bağlı etibarlı təməllər yaradır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci
və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclaslarında çıxışında Prezident İlham Əliyev respublikamızın bu
sahədəki nailiyyətləri və qarşıda dayanan vəzifələr barədə məlumat
verdi. Bu ilin yanvar ayında Azərbaycanda regionun ən böyük külək
elektrik stansiyası olan 240 meqavatlıq “Xızı-Abşeron” Külək
Elektrik Stansiyası istifadəyə verilib. 2023-cü ilin oktyabr ayında
isə respublikamızda Xəzər regionunda və MDB məkanında ən böyük
günəş elektrik stansiyası olan 230 meqavatlıq “Qaradağ” Günəş
Elektrik Stansiyası istifadəyə verilib.

Qeyd edim ki, 2022-ci il dekabr ayında Rumıniyada “Azərbaycan
Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri
arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş göstərir
ki, Azərbaycanın “yaşıl enerji” layihələri Aİ tərəfindən
dəstəklənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə
2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat
elektrik enerjisinin əldə edilməsi gözlənilir. Bu da onu göstərir
ki, yaxın gələcəkdə Azərbaycanın Avropanın enerji təchizatında rolu
daha da yüksələrək, ənənəvi enerji resursları ilə yanaşı, “yaşıl
enerji”ni əhatə edəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci
və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclasları bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə
ərsəyə gələn Cənub Qaz Dəhlizi və respublikamızın “yaşıl enerji”
layihələri qlobal səviyyədə yüksək dəyərləndirilir. Avropa
Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan
Yorgensenin, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat,
həmçinin 49 enerji şirkətinin təmsilçilərinin iclaslarda iştirak
etmək üçün Bakıya gəlmələri bunu təsdiq edir.

Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın enerji
layihələri ilə bağlı antiazərbaycançı şəbəkələr tərəfindən
qarayaxma kampaniyalarının həyata keçirilməsinə cəhdlər göstərilir.
Məlum olduğu kimi vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin guya
ekoloji problemlər yaratdığını iddia edən antiazərbaycançı dairələr
bu layihənin icrasının qarşısını almaq üçün beynəlxalq səviyyədə
məkrli plan işə salmışdılar. Lakin cənab Prezident İlham Əliyevin
qətiyyəti və siyasi iradəsi nəticəsində həmin plan iflasa
uğradıldı. Həmçinin ayrı-ayrı vaxtlarda Azərbaycanın təbii qaz
ehtiyatları ilə də bağlı qərəzli və həqiqətə uyğun olmayan
informasiyalar dövriyyəyə buraxılıb. Bu kimi təxribatçı fəaliyyətin
əsas icraçıları həm də bəzi qərb ölkələrində məskunlaşan sapı
özümüzdən olan baltalardır. Azərbaycana qarsı olan siyasi
dairələrin təlimatları əsasında bu antimilli ünsürlər
respublikamızın enerji siyasətinə kölgə salmağa çalışırlar. Lakin
dövlətimiz həm neft-qaz, həm də “yaşıl enerji”yə keçid sahəsində
əldə etdiyi nailiyyətlərlə antimilli şəbəkənin bu istiqamətdəki
təxribatçı fəaliyyətlərini də iflasa uğradır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı