Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn
Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının
sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən bildirilib.

Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam
Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq
göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi
sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud
əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam
etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli
Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər
etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament
sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri
məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun
spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu
səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O,
Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli
münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.

Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya
Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək
və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə
mühüm töhfə verir.

Siyasi təmasların, həyata keçirilən səfər və məsləhətləşmələrin
əlaqələrin dərinləşməsində mühüm rol oynadığı vurğulanaraq,
iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil sahələrində
əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların
olduğu qeyd edilib. Xüsusən, humanitar sahələrdə əlaqələri qeyd
edən Milli Məclisin sədri, ötən il Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Bəhreyn Krallığına
səfəri və bu səfər çərçivəsində “MAMA – Ana təbiət” sərgisinin
Manamada yüksək səviyyədə təşkil olunmasını bu istiqamətdə mövcud
olan münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu
söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin BMT, İslam
Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və
regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını
vurğulayaraq, bu platformalarda Bəhreyn Krallığının Azərbaycanın
haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının
əhəmiyyətini qeyd edən Sahibə Qafarova, Azərbaycan və Bəhreyn
parlamentləri arasında mövcud olan fəal əməkdaşlığı yüksək
qiymətləndirib. Bildirilib ki, parlamentlər həm ikitərəfli əsasda,
həm də Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası,
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalar çərçivəsində
uğurla əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Asiya Parlament
Assambleyasında Bəhreyn parlamentinin sədrliyə namizədliyini
dəstəkləyib və Assambleyaya sədrliyin Bəhreyn tərəfinə təhvil
veriləcəyindən məmnunluq ifadə olunub.

Eyni zamanda, QHPŞ çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq
bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.