Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyunun 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti
iclası keçirilib. İclasın gündəliyinə beş məsələ daxil edilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.

Tədbirdə komitənin sədri Zahid Oruc məsələləri təqdim edib. O,
əvvəlcə “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə
əlaqədar məlumat verib. Bildirilib ki, qanunda təklif edilən
dəyişikliklər Azərbaycanın rəqəmsal suverenliyinin, virtual
sərhədlərinin hüquqi əsaslarını gücləndirməyə xidmət edir. Layihə
kibertəhlükəsizliklə bağlı risklərin əvvəlcədən aşkarlanmasını,
insident zamanı xidmətlərin davam etdirilməsini və sistemlərin
operativ bərpasını nəzərdə tutur.

Nəzərə çatdırılıb ki, layihəyə əsasən, qanuna informasiya
infrastrukturu, informasiya infrastrukturu subyekti,
kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil,
rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi
(CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT,
Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Sənəddə dövlət
orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və
SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən
edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin
aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan
qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur. Həmçinin
informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin
olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin
aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata
keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf
layihələrinin maliyyələşdirilməsi ilə bağlı müddəalar müəyyən
edilir.

Sonra komitənin sədr müavini Arzuxan Əli-zadə, komitə üzvləri
Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Elman Nəsirov, Sevil
Mikayılova, Tural Gəncəliyev, parlament Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı
Mirhəşim Seyid məsələ barədə fikirlərini açıqlayıblar. Çıxışçılar
qanun layihəsinin ölkədə informasiya təhlükəsizliyi və
kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsi, kibertəhdidlərə
qarşı mübarizənin effektivliyinin artırılması, informasiya
infrastrukturunun dayanıqlılığının gücləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etdiyini söyləyiblər.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə
Heyətinin sədri Fərid Zeynalov, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov da öz fikirlərini
bölüşüblər. Bildirilib ki, 2023-2027-ci illəri əhatə edən
informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Dövlət
Strategiyası qəbul olunub, bununla bağlı müxtəlif islahatlar həyata
keçirilir. Bundan əlavə, 2026-2028-ci illəri əhatə edən rəqəmsal
inkişafla bağlı Fəaliyyət Planında da kibertəhlükəsizliklə bağlı
məsələlər öz əksini tapıb. Həmin Fəaliyyət Planının icrası ilə
əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Təqdim edilən layihədə mühafizə tədbirlərinin görülməsi və
gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün
rəqəmsal tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin ehtiva olunduğu
qeyd edilib. Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi
sahəsində kadr hazırlığı məsələlərinin vacibliyindən söhbət
açılıb.

Sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində,
Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş)
baxılıb. Sənəddə “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3-cü maddəsindəki
dəyişikliyə əsasən, Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci
maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında
internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə
müraciət müvafiq
icra hakimiyyəti orqanının
qərarı əsasında müvəqqəti olaraq
məhdudlaşdırılacaq.

Gündəliyin növbəti məsələsi – “Dövlət qulluğu haqqında” və
“Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar
bildirilib ki, sənəddə vahid qurumun – Media və Yayım Şurasının
yaradılması nəzərdə tutulur. Şura ilə bağlı vəzifə və öhdəliklər “Media haqqında” Qanunda öz əksini tapıb.

İclasda, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
(üçüncü oxunuş) nəzərdən keçirilib. Qanun layihəsində uşaqların
rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsi,
təhlükəsiz informasiya mühitinin formalaşdırılması, sosial şəbəkə
platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin
təkmilləşdirilməsi ilə bağlı məsələlər ehtiva olunur.

Komitədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində,
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara
bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda
dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş)
baxılıb. Layihədə məcburi köçkünlərin işğaldan azad edilmiş
ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət
hüququnun təmini ilə bağlı məsələlər müəyyənləşdirilir.

İclasın gündəliyində olan qanun layihələrinin hər biri Milli
Məclisin iclasına tövsiyə olunub.

Tədbirdə komitənin üzvü Mircəlil Qasımlı, parlament Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi
şəxslər iştirak ediblər.