
Bakı. Trend:
Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra
Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri də
informasiya məkanının yeni çağırışlara uyğun şəkildə yenidən
formalaşdırılması idi. Müasir dövrdə informasiya təhlükəsizliyi
dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildiyindən media
sektorunda aparılan islahatlar təkcə peşəkar jurnalistikanın
inkişafına deyil, həm də milli maraqların qorunmasına xidmət edən
strateji istiqamət kimi ön plana çıxır. Son illərdə bu sahədə
həyata keçirilən dəyişikliklər göstərir ki, dövlət media sisteminin
dayanıqlılığını artırmaq, onun iqtisadi və institusional əsaslarını
möhkəmləndirmək üçün ardıcıl siyasət yürüdür.
Zəfərdən sonra başlanan islahatların strateji
məntiqi
Azərbaycanın media siyasətində yeni mərhələnin əsası Vətən
müharibəsinin başa çatmasından dərhal sonra qoyuldu. Prezident
İlham Əliyevin media sektorunda islahatların dərinləşdirilməsi ilə
bağlı təşəbbüsü təsadüfi addım deyildi. Bu qərar göstərdi ki,
dövlət informasiya sahəsini milli inkişaf strategiyasının mühüm
tərkib hissəsi hesab edir və onun gələcək çağırışlara hazır
olmasını vacib sayır.
Əslində müharibə dövründə informasiya cəbhəsinin nə qədər önəmli
olduğu bir daha aydın şəkildə ortaya çıxdı. Hərbi əməliyyatlarla
paralel aparılan informasiya mübarizəsi sübut etdi ki, güclü media
sistemi yalnız xəbərlərin yayılması vasitəsi deyil, həm də dövlətin
maraqlarını qoruyan mühüm mexanizmdir. Məhz bu baxımdan sonrakı
dövrdə medianın institusional inkişafına xüsusi diqqət ayrılması
strateji zərurət kimi qiymətləndirilə bilər.
“Media haqqında” Qanun islahatların əsas sütunu
kimi
Azərbaycanda media müstəvisində həyata keçirilən yeniliklərin
mərkəzində “Media haqqında” Qanun dayanır. Bu sənəd faktiki olaraq
ölkədə media islahatlarının istiqamətlərini müəyyənləşdirən əsas
hüquqi çərçivə rolunu oynayır. Qanunun tətbiqi dövründə əldə olunan
nəticələr göstərir ki, o, informasiya mühitinin daha sağlam əsaslar
üzərində qurulmasına və qorunmasına real töhfə verir.
Müasir cəmiyyətin tələbləri və texnoloji inkişafın sürəti media
sektorundan daha çevik fəaliyyət tələb edir. Bu səbəbdən
qanunvericilik bazasının yenilənməsi yalnız hüquqi dəyişiklik
deyil, həm də media sisteminin rəqabət qabiliyyətinin artırılması
istiqamətində atılmış mühüm addımdır. Qanun medianın müstəqilliyini
möhkəmləndirməyə, bazar iştirakçılarının fəaliyyət imkanlarını
genişləndirməyə və informasiya mühitində keyfiyyət standartlarını
yüksəltməyə yönəlib.
Bu yanaşma onu göstərir ki, media siyasəti artıq yalnız nəzarət
və tənzimləmə funksiyası ilə məhdudlaşmır. Əksinə, məqsəd sağlam
rəqabət mühitinin formalaşdırılması, peşəkar medianın
gücləndirilməsi və informasiya bazarının davamlı inkişafının təmin
edilməsidir.
Rəqəmsal dövr yeni idarəetmə modelini zəruri
edir
İnformasiya texnologiyalarının sürətli inkişafı media sahəsində
ənənəvi sərhədləri, demək olar ki, aradan qaldırıb. Bir vaxtlar
bir-birindən fərqli seqmentlər hesab olunan çap, onlayn və
audiovizual media indi vahid informasiya ekosisteminin tərkib
hissələri kimi fəaliyyət göstərirlər.
Qlobal konvergensiya prosesi nəticəsində müxtəlif media
platformaları arasında keçidlər sürətlənib, auditoriyanın
informasiya istehlakı vərdişləri dəyişib. Belə şəraitdə ayrı-ayrı
sahələr üzrə fərqli yanaşmaların tətbiqi effektiv nəticə vermir.
Bunun əvəzində bütün informasiya sisteminə vahid baxışın
formalaşdırılması daha aktual görünür.
Rəqəmsal ekosistemin yaratdığı yeni reallıq milli informasiya
təhlükəsizliyinin qorunması məsələsini də ön plana çıxarır. Eyni
zamanda medianın iqtisadi müstəqilliyinin təmin olunması üçün daha
çevik və kollegial idarəetmə mexanizmlərinə ehtiyac yaranır. Bu
ehtiyac Azərbaycanda media idarəçiliyinin yeni modelə keçidini
aktuallaşdıran əsas amillərdən biridir.
Vahid institusional modelin üstünlükləri
Hazırda ölkədə fəaliyyət göstərən Audiovizual Şura və Medianın
İnkişafı Agentliyi bir-birini tamamlayan funksiyalar yerinə
yetirir. Mövcud sistemdə bu qurumların fəaliyyəti müxtəlif
istiqamətləri əhatə etsə də, onların ümumi məqsədi informasiya
məkanının inkişafı və tənzimlənməsidir.
Məhz bu məntiqdən çıxış edərək kollegial idarəetmə prinsipinə
əsaslanan Media və Yayım Şurasının yaradılması
təklif olunur. Belə bir strukturun formalaşdırılması dövlətin
informasiya siyasətində vahid institusional yanaşma qurmaq
istəyindən irəli gəlir.
Yeni model yalnız təşkilati dəyişiklik kimi
qiymətləndirilməməlidir. Burada əsas məqsəd müxtəlif funksiyaların
daha koordinasiyalı şəkildə həyata keçirilməsi, qərarların
qəbulunda kollektiv məsuliyyətin artırılması və media sektorunun
idarə olunmasında balanslı mexanizmin qurulmasıdır.
Media və Yayım Şurasının fəaliyyət prinsiplərinin “Media
haqqında” Qanunda təsbit edilməsi də bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Qanunla müəyyənləşdirilmiş səlahiyyətlər və kollegial
idarəetmə modeli həm medianın müstəqilliyinin qorunmasına, həm də
cəmiyyətin yeni quruma olan etimadının güclənməsinə xidmət edə
bilər. Demokratik idarəetmə baxımından bu yanaşma daha şəffaf və
hesabatlı sistem formalaşdırmaq potensialına malikdir.
Beynəlxalq təcrübə vahid yanaşmanın səmərəliliyini
təsdiqləyir
Dünya praktikası göstərir ki, media sahəsində tənzimləmə və
inkişaf funksiyalarının əlaqələndirilmiş şəkildə həyata keçirilməsi
daha uğurlu nəticələr verir. Bir sıra inkişaf etmiş ölkələrin
təcrübəsi bu istiqamətdə maraqlı nümunələr təqdim edir.
Böyük Britaniyada fəaliyyət göstərən Ofcom həm yayım sektorunun
tənzimlənməsini, həm rəqəmsal media mühitinin nizamlanmasını, həm
də media istifadəçilərinin maraqlarının müdafiəsini vahid qurum
çərçivəsində həyata keçirir. Bu model müxtəlif funksiyalar arasında
koordinasiyanı gücləndirir və qərarların daha operativ qəbuluna
imkan yaradır.
Fransada isə vaxtilə CSA kimi tanınan, hazırda ARCOM adı ilə
fəaliyyət göstərən qurum audiovizual sektorun tənzimlənməsi ilə
yanaşı, rəqəmsal platformaların fəaliyyətinə dair nəzarət və
nizamlayıcı funksiyaları da yerinə yetirir. Beləliklə, ənənəvi və
yeni media arasında yaranan əlaqələr vahid idarəetmə çərçivəsində
tənzimlənir.
Bu təcrübələr göstərir ki, kollegial idarəetmə prinsiplərinə
əsaslanan və vahid yanaşmanı təmin edən strukturlar yalnız
fəaliyyətin effektivliyini artırmır, eyni zamanda ictimai etimadın
formalaşmasına da müsbət təsir göstərir. Azərbaycanın təklif etdiyi
model də məhz bu beynəlxalq tendensiyalarla səsləşir.
Dezinformasiyaya qarşı mübarizədə yeni
imkanlar
Müasir dövrdə informasiya təhlükələri ənənəvi risklərlə
müqayisədə daha mürəkkəb xarakter daşıyır. Xarici təsir cəhdləri,
saxta xəbərlər və dezinformasiya kampaniyaları dövlətlərin
informasiya məkanına ciddi təsir göstərə bilir.
Bu baxımdan vahid institusional yanaşmanın tətbiqi informasiya
məkanının çirkləndirilməsi cəhdlərinə qarşı daha effektiv müdafiə
mexanizmi yarada bilər. Mərkəzləşdirilmiş koordinasiya neqativ
informasiya axınlarına daha operativ reaksiya verməyə, riskləri
əvvəlcədən müəyyənləşdirməyə və mübarizə tədbirlərini daha sistemli
şəkildə həyata keçirməyə imkan verir.
Belə yanaşma yalnız təhlükələrin qarşısının alınmasına deyil,
həm də milli informasiya məkanının davamlılığının artırılmasına
xidmət edir. Nəticədə dövlət informasiya siyasətini daha ardıcıl və
məqsədyönlü şəkildə həyata keçirmək imkanı qazanır.
Dəyişikliklərin media sektoru və jurnalistlər üçün
nəticələri
Qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərin təsiri təkcə
idarəetmə mexanizmləri ilə məhdudlaşmır. Bu yeniliklər daxili
informasiya məkanının təhlükəsizliyinin gücləndirilməsinə, milli
media məhsullarının istehsalının təşviqinə və yerli media
qurumlarının inkişafına əlavə stimul verməyə hesablanıb.
Bununla yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq
auditoriyaya çatdırılması üçün daha əlverişli imkanların
yaradılması da əsas məqsədlərdən biri kimi çıxış edir. Güclü və
rəqabətqabiliyyətli milli media ölkənin mövqeyinin qlobal
informasiya məkanında daha effektiv təqdim olunmasına şərait yarada
bilər.
Mühüm yeniliklərdən biri də Media Reyestri ilə bağlıdır. Media
subyektləri, redaksiyalar və jurnalistlər haqqında məlumatların
sistemləşdirilməsi məqsədi daşıyan reyestr mexanizmi daha
funksional xarakter alacaq. Qanuna ediləcək dəyişikliklərdən sonra
jurnalistlərin Media Reyestrinə daxil edilməsi və onların müvafiq
vəsiqələrlə təmin olunması ödənişsiz əsaslarla həyata keçiriləcək.
Bu addım həm jurnalistlərin qeydiyyat prosesini asanlaşdıracaq, həm
də peşəkar media mühitinin formalaşmasına əlavə dəstək verəcək.
Beləliklə, Azərbaycanda media sahəsində həyata keçirilən və
planlaşdırılan dəyişikliklər yalnız struktur islahatları deyil,
informasiya təhlükəsizliyi, peşəkar jurnalistika, milli media
məhsullarının inkişafı və beynəlxalq informasiya rəqabətində
mövqelərin gücləndirilməsi kimi bir-biri ilə əlaqəli məqsədləri
özündə birləşdirən genişmiqyaslı transformasiya prosesidir. Bu
prosesin əsas hədəfi isə müasir çağırışlara cavab verən, iqtisadi
cəhətdən dayanıqlı, ictimai etimad qazanan və milli maraqları
effektiv şəkildə müdafiə edə bilən media sisteminin
formalaşdırılmasıdır.

