ABŞ Mərkəzi Asiya ölkələri ilə səmərəli əməkdaşlıq üçün Azərbaycanla daha fəal qarşılıqlı əlaqədə olmalıdır.
“Report”un məlumatına görə, bu fikri Hudson İnstitutunun baş elmi əməkdaşı Luk Koffi “ABŞ və Mərkəzi Asiya arasında münasibətlərin qurulması üçün “C5+1″ sammitindən istifadə” adlı məqaləsində bildirib.
O qeyd edib ki, noyabrın 6-da Vaşinqtonda keçiriləcək “C5+1” formatında görüş (Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ) mühüm geosiyasi mərhələyə təsadüf edib: Ukraynadakı müharibə fonunda Rusiyanın regiondakı təsiri əhəmiyyətli dərəcədə zəifləyib.
L.Koffinin sözlərinə görə, son vaxtlar beynəlxalq arenada daha fəal olan ABŞ Prezidenti Donald Trampın iştirakı “C5+1” formatında görüşə əhəmiyyətli diplomatik təkan verəcək.
“Bu yaxınlarda (avqust 8-i) o (Donald Tramp – red.) Ermənistan və Azərbaycan liderlərinin əlamətdar sammitini təşkil edib ki, bu da Cənubi Qafqazda sülhə gətirib çıxara bilər. Bu sammit, Moskvanın uzun müddət öz təsir dairəsinin bir hissəsi hesab etdiyi bir regionda mühüm nailiyyət olub. ABŞ Avrasiya ölkəsi olmasa da, onlar 8 avqustda (Vaşinqtonda) bu görüşü təşkil etməklə region üçün əhəmiyyətlərini bərpa ediblər”, – o qeyd edib.
L.Koffi bildirib ki, ABŞ üçün Mərkəzi Asiya ilə əməkdaşlıq strateji məna daşıyır, çünki region təbii ehtiyatlarla – neft, təbii qaz və nadir torpaq metalları ilə zəngindir.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

