
Bakı. Trend:
Litva nəqliyyat və logistika, enerji, ticarət, rəqəmsallaşma,
təhsil və insanlararası təmaslar sahələrində əməkdaşlığın inkişaf
etdirilməsində maraqlıdır.
Bunu Trend-ə özəl
müsahibəsində Bakı səfəri çərçivəsində Litvanın Baş naziri İnqa
Ruqinene bildirib.
“Bu səfərim bir neçə mühüm məqsəd daşıyır. Birincisi, Litva ilə
Azərbaycan arasında ikitərəfli münasibətlərə yeni təkan vermək və
yüksək səviyyədə birbaşa siyasi dialoqu gücləndirməkdir.
Ölkələrimiz bu yaxınlarda diplomatik münasibətlərin 30 illiyini
qeyd ediblər və bu, gələcəyə baxmaq, əməkdaşlığımızın harada daha
praktik, müntəzəm və iddialı ola biləcəyini müəyyən etmək üçün
yaxşı fürsətdir.
İkincisi, bu səfər Litvanın daha geniş mənada sabit, qarşılıqlı
əlaqəli və iqtisadi baxımdan dayanıqlı Cənubi Qafqaza olan marağını
əks etdirir. Azərbaycan mühüm regional oyunçudur və hesab edirik
ki, daha sıx, praqmatik əməkdaşlıq həm ikitərəfli maraqlarımıza,
həm də daha geniş Avropa maraqlarına xidmət edə bilər. Litva
xüsusilə nəqliyyat və logistika, energetika, ticarət,
rəqəmsallaşma, təhsil və insanlararası əlaqələr sahələrində
əməkdaşlığın inkişafında maraqlıdır. Həmçinin regional
təhlükəsizlik məsələləri və daha geniş regionda sabitlik və
qarşılıqlı əlaqələrin gücləndirilməsinə necə töhfə verə biləcəyimiz
barədə fikir mübadiləsi aparmağı planlaşdırıram”, – o bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycan və Litva hər iki tərəfin
aydın qarşılıqlı fayda gördüyü sahələrdə – xüsusilə nəqliyyat,
qarşılıqlı əlaqəlilik, energetika, iqtisadi şaxələndirmə, təhsil və
biznes əlaqələri üzrə ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün
konkret addımları müzakirə edirlər.
“Mövcud şəraitdə praktik əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsi, enerji bazarlarına
təzyiq və daha geniş geosiyasi parçalanma ilə bağlı uzunmüddətli
təhlükəsizlik böhranı ilə üzləşir. Bu kontekstdə Azərbaycan kimi
etibarlı və strateji yerləşməyə malik ölkələrlə tərəfdaşlığın
gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır, şərt odur ki, bu
əməkdaşlıq şəffaf, qaydalara əsaslanan və qarşılıqlı faydalı
olsun”, – deyə Ruqinene vurğulayıb.
Ənənəvi və “yaşıl” energetika sahəsində
əməkdaşlıq
Baş nazir bildirib ki, ölkəsi enerji əməkdaşlığının
genişləndirilməsi üçün böyük perspektivlər görür.
“Azərbaycan Avropa üçün mühüm və etibarlı enerji tərəfdaşına
çevrilib, xüsusilə də tədarük marşrutlarının şaxələndirilməsi və
zəif nöqtələrin azaldılması strateji əhəmiyyət kəsb etdiyi bir
vaxtda. Litva üçün enerji təhlükəsizliyi mücərrəd anlayış deyil –
bu, birbaşa suverenlik, dayanıqlılıq və geosiyasi təzyiqlərə qarşı
durmaq qabiliyyətimizlə bağlıdır. Eyni zamanda hesab edirik ki,
əməkdaşlığın növbəti mərhələsi getdikcə daha çox “yaşıl keçid”i
əhatə etməlidir.
Litva təkcə ənənəvi enerji təhlükəsizliyi ilə deyil, həm də
Avropanın enerji sistemlərinin uzunmüddətli transformasiyası ilə
maraqlıdır. Litva şirkətləri günəş enerjisi, təmiz texnologiyalar,
rəqəmsal sistemlər, su resurslarının idarə olunması və dayanıqlı
infrastruktur və enerji səmərəliliyi ilə bağlı digər sahələrdə
həllər təklif edə bilərlər. Biz hər iki istiqamətdə – Azərbaycanla
həm bugünkü enerji qarşılıqlı əlaqələrinin gücləndirilməsi, həm də
gələcək üçün daha təmiz həllərə investisiya qoyuluşu istiqamətində
əməkdaşlığın dəyərini görürük. Bu, enerji təhlükəsizliyi, iqtisadi
rəqabətədavamlılığın və iqlim hədəflərinin getdikcə daha çox
qarşılıqlı əlaqəli olduğu bir dünyada xüsusilə аktualdır.
Fikrimizcə, “yaşıl” enerji sahəsində əməkdaşlıq Litva ilə
Azərbaycan münasibətlərinin mühüm əlavə sütununa çevrilə bilər”, –
deyə Ruqinene əlavə edib.
Baş nazirin sözlərinə görə, Azərbaycanın Litva üçün Mərkəzi
Asiyaya “qapı”, Litvanın isə Azərbaycan üçün Baltik ölkələrinə
“qapı” rolunu oynaması iki ölkə münasibətlərində ən perspektivli
strateji ideyalardan biridir.
“Azərbaycan Avropanı Mərkəzi Asiya və daha geniş Xəzər regionu
ilə birləşdirməkdə mühüm coğrafi və siyasi rol oynayır. Litva isə
öz növbəsində Baltik regionuna, Şimali Avropaya və Avropa
İttifaqının daxili bazarına çıxış üçün əlverişli mövqedə yerləşir,
buna onun nəqliyyat infrastrukturu, logistika sektoru və Klaypeda
limanı da daxildir.
Litva üçün bu, yalnız dar mənada ticarət məsələsi deyil. Söhbət
həm də dəyişən geosiyasi mühitdə dayanıqlı qarşılıqlı əlaqələrin
formalaşdırılmasından gedir. Rusiyanın Ukraynaya qarşı təcavüzü
Avropanı tədarük zəncirlərini, tranzit marşrutlarını və ümumilikdə
Avrasiya məkanında əlaqəlilik arxitekturasını yenidən nəzərdən
keçirməyə məcbur edib. Bu kontekstdə Avropa, Cənubi Qafqaz və
Mərkəzi Asiya arasında əlaqələri gücləndirən marşrutlar getdikcə
daha böyük strateji əhəmiyyət qazanır.
Buna görə də mən “qapı” konsepsiyasını hər iki tərəf üçün
faydalı praktik tərəfdaşlıq kimi qiymətləndirirəm. Azərbaycan şərq
istiqamətində yeni marşrutların və imkanların açılmasına töhfə verə
bilər, Litva isə qərbə – Baltik və Şimali regionlara, həmçinin daha
geniş Avropa İttifaqı bazarına çıxışı təmin edə bilər. Daha inkişaf
etmiş nəqliyyat əlaqələri, biznes təmasları və institusional
əlaqələndirmə ilə bu istiqamət uzunmüddətli əməkdaşlığın mühüm
sahəsinə çevrilə bilər”, – deyə Litvanın baş naziri bildirib.
Daha geniş investisiya imkanları
Ruqinene hesab edir ki, investisiya əməkdaşlığının
genişləndirilməsi üçün aydın potensial mövcuddur, belə ki, mövcud
həcmlər iki ölkə iqtisadiyyatlarının real imkanlarından
aşağıdır.
“Litva İKT, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik, qida
sənayesi, “yaşıl” həllər, turizm və nəqliyyatla bağlı xidmətlər
kimi sahələrdə öz səriştələrini təklif edə və azərbaycanlı
tərəfdaşların marağını cəlb edə biləcəyi praktik sektorlarda
maraqlıdır. Litva şirkətləri rəqəmsallaşma,səmərəli dövlət
xidmətləri, günəş texnologiyaları, su resurslarının idarə olunması,
mühəndis həlləri, eləcə də yüksək keyfiyyətli qida məhsullarının, o
cümlədən süd və digər kənd təsərrüfatı məhsullarının istehsalı
sahəsində böyük təcrübəyə malikdir. Bunlar müasir infrastruktur və
dayanıqlı həllərin tələb olunduğu bərpa və inkişaf layihələri daxil
olmaqla kommersiya tərəfdaşlığı üçün imkanların yarana biləcəyi
sahələrdir.
Eyni zamanda Litva, ölkənin strateji çıxış və sabit biznes
mühiti təklif edə bildiyi sahələrə – ilk növbədə logistika,
nəqliyyat, sənaye istehsalı, turizm və bəzi innovativ sahələrə
Azərbaycan investisiyalarının artmasını alqışlayardı. Litva Aİ
bazarına praktiki giriş nöqtəsi kimi çıxış edə bilər. Bizim
marağımız yalnız ticarət göstəricilərinin artımında deyil, həm də
daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi sarsıntılara daha az
həssas olan ikitərəfli iqtisadi əlaqələrin
formalaşdırılmasındadır.
Təbii ki, istənilən investisiya tərəfdaşlığının uğuru üçün
proqnozlaşdırıla bilənlik, şəffaflıq və dövlət institutları ilə
biznes arasında etimad vacibdir. Məhz buna görə də siyasi dialoq və
praktik iqtisadi əməkdaşlıq paralel şəkildə inkişaf etməlidir”, –
deyə o əlavə edib.
Logistika sahəsində daha sıx əməkdaşlıq, “Orta Dəhliz”in
inkişafı
Baş nazir qeyd edib ki, Litva Şərq–Qərb əlaqəliliyinin
yaxşılaşdırılmasına yönəlmiş daha geniş təşəbbüs çərçivəsində
Klaypeda və Bakı limanları arasında əməkdaşlığın gücləndirilməsi
üçün əhəmiyyətli potensial görür.
“Limanlar yalnız infrastruktur obyektləri deyil; müasir
geosiyasi şəraitdə onlar ticarət axınlarını, təchizat zəncirlərinin
dayanıqlığını və iqtisadi təhlükəsizliyi formalaşdıran strateji
qovşaqlardır. Litva liman administrasiyaları, logistika şirkətləri
və nəqliyyat institutları arasında daha fəal əməkdaşlıqda
maraqlıdır. Bu, bizneslər arasında daha sıx qarşılıqlı fəaliyyət,
təcrübə mübadiləsi, multimodal nəqliyyat zəncirləri çərçivəsində
daha yaxşı əlaqələndirmə və birgə yük marşrutlarının daha güclü
təşviqini əhatə edə bilər. Dəniz, dəmir yolu və avtomobil
nəqliyyatını nə qədər effektiv birləşdirə bilsək, hər iki tərəf
üçün bir o qədər çox fayda əldə olunacaq.
Litva üçün Klaypeda əsas milli aktiv və regional ticarət üçün
mühüm “qapı”dır. Hesab edirik ki, Bakı ilə əməkdaşlıq Xəzər
regionunu Baltik dənizi ilə birləşdirən daha geniş əlaqəlilik
proqramının həyata keçirilməsinə töhfə verə bilər. Bu, yalnız
ikitərəfli ticarəti deyil, həm də Avropanın iqtisadi dayanıqlığı
üçün getdikcə daha vacib olan alternativ marşrutların
gücləndirilməsini təşviq edəcək”, – deyə Ruqinene bildirib.
Baş nazir Litvanın Transxəzər nəqliyyat marşrutuna, yəni Orta
Dəhlizə dəstəyini vurğulayıb və qeyd edib ki,mövcud geosiyasi
şəraitdə onun strateji əhəmiyyəti daha da artıb.
“Avropaya Mərkəzi Asiya və daha uzaq regionlarla daha sıx
əlaqəlilik, o cümlədən Rusiyanın sabitliyi pozan təsirlərinə məruz
qalan tranzit dəhlizlərdən asılılığı azaldan marşrutlar lazımdır.
Bu baxımdan Orta Dəhliz yalnız iqtisadi layihə deyil, həm də daha
geniş dayanıqlılıq strategiyasının bir hissəsidir. Biz Azərbaycanı
bu marşrutun səmərəliliyinin və rəqabət qabiliyyətinin
artırılmasına töhfə verən əsas ölkələrdən biri kimi görürük.
Litvanın marağı çox praktik xarakter daşıyır: biz Avropa–Asiya
əlaqələrinin möhkəmləndirilməsinə, ticarət marşrutlarının
şaxələndirilməsinə və nəqliyyat, logistika və biznes sektorlarımız
üçün yeni imkanların yaradılmasına vasitəçilik etmək istəyirik.
Xüsusilə də infrastrukturumuzun, o cümlədən Klaypeda limanının bu
geniş şəbəkələrə daha yaxşı inteqrasiyası bizi maraqlandırır.
Əgər Orta Dəhliz daha sürətli, daha proqnozlaşdırıla bilən və
kommersiya baxımından cəlbedici olarsa, həm Litva, həm də
Azərbaycan bundan faydalanacaq. Azərbaycan regional hab rolunu
möhkəmləndirəcək, Litva isə Baltik və Şimali Avropa bazarlarına
çıxış nöqtəsi kimi mövqeyini gücləndirəcək. Mövcud şəraitdə belə
əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji baxımdan
dəyərlidir”, – deyə Ruqinene əlavə edib.
Birbaşa aviareyslərin açılması perspektivlərinə gəldikdə ,
Litvanın baş naziri bunun əhəmiyyətli təsir göstərə biləcəyini
bildirib.
“Birbaşa reyslər biznes əlaqələrinin, turizmin, akademik
mübadilələrin və daha geniş insanlararası münasibətlərin inkişafına
töhfə verəcək. Təkmilləşdirilmiş aviasiya əlaqələri marağı real
mübadilələrə və konkret layihələrə çevirəcək. Litva üçün
Azərbaycanla daha sıx əlaqəlilik həm də Avropa ilə Cənubi Qafqaz
arasında bağların gücləndirilməsi kimi daha geniş məqsədə xidmət
edir. Aviasiya əlaqələri bu prosesin mühüm hissəsidir. Söhbət
yalnız rahatlıqdan getmir, həm də əməkdaşlığın daha müntəzəm,
nəzərəçarpan və kommersiya baxımından səmərəli olmasından gedir.
Əlbəttə, belə qərarlar bazar konyunkturasından və aviaşirkətlərin
marağından asılıdır, lakin siyasi baxımdan biz birbaşa əlaqələri
müsbət və perspektivli addım kimi qiymətləndiririk. Biz
cəmiyyətlərimizi və biznes icmalarımızı yaxınlaşdıracaq
müzakirələri alqışlayırıq”, – deyə baş nazir İnqa Ruqinene
yekunlaşdırıb.

