
Bakı. Trend:
Leyla Əliyeva və Alona Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial
Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Trend xəbər verir ki,
qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə
yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak
ediblər.
Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla
birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.
Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və
rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər.
Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla
qarşılanıb.
Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb,
uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə
baxış keçirilib.
Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi
və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi
çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla
qarşılanıb.

