
Bakı. Trend:
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr
olunan tədbir keçirilib.
Trend xəbər verir
ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər
qonaqların da iştirak etdiyi tədbir “ASAN xidmət” və “Bilim Bakı”
mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN
xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və
dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat
verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox
ölkəyə ixrac edildiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN
Məktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.
Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə
çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha
rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim
edilməsidir.
“Bilim Bakı” mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd
olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya,
innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının
inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə
marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları
aşılamaqdır.
Tədbirin rəsmi hissəsi “ASAN Məktub” sosial proqramının 10 illik
fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün
bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial
proqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların
arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək
məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu
günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular
gerçəkləşdirilib.
Qonaqlara “Bir qəlbi də sən isit” layihəsi haqqında da məlumat
verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı
ərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların
arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin
müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun
reallaşdırıldığı diqqətə çatdırılıb.
Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı”
proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş
olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN
məktub”, “Yaşıl ASAN” və “ABAD” stendlərinə də baş çəkib.
Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə
aksiyası ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial
xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan
uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

