
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin
Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri,
rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri
hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq
yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən
Türkiyə Respublikasından Azərbaycana “kartof” yükü gətirən
nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında
uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “Qırmızı
Körpü” gömrük postu üzrə nəzarətə götürülüb.
Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat
vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə
qanunsuz müdaxilə faktı aşkarlanıb.
Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti
tədbirləri zamanı “kartof” yükünün içərisində gizlədilən və
qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd
göstərilən karton qutular saxlanılıb.
Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22
min ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Diqqət
Dövlət Gömrük Komitəsi bildirir ki, dərman vasitələrinin
qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və
sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz
hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə
alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb
ediləcəklər.

