
Bakı.Trend:
İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda (fasiləsiz
istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər
xidmət müəssisələri və s.) işçini ay ərzində nəzərdə tutulan
istirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə
gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən
mətbuat konfransında çıxış edərkən deyib.
V.Quliyev bildirib ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə
əsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzn
günlərində işə cəlb edilməsi halında əməkhaqqı artırılmış məbləğdə
ödənilməlidir.
“Belə ki, vaxtamuzd əməkhaqqı sistemində – gündəlik tarif
maaşının ən azı iki misli,İşəmuzd əməkhaqqı sistemində – ikiqat
işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə
isə:
o iş aylıq iş vaxtı norması daxilində görüldükdə – maaşdan əlavə
gündəlik vəzifə maaşı qədər, o iş aylıq normadan artıq görüldükdə –
maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir”.
Xidmət rəisi vurğulayıb ki, həmçinin işçi öz istəyi ilə əlavə
əməkhaqqı əvəzinə başqa istirahət günü (əvəzgün) ala bilər. Əlavə
olaraq, işəgötürən işçini həmin günlərdə normadan artıq işlədirsə,
bu, iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-ci
maddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraq
ödənilməlidir.

