IFC Azərbaycanda su, enerji və nəqliyyat sektorlarına yeni investisiya imkanlarını araşdırır (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) dəniz suyunun
duzsuzlaşdırılması və tullantı sularının təmizlənməsi sahələrində
Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır, həmçinin ölkənin
bərpaolunan enerji sektoruna dəstək göstərməyə hazırdır.

Bu barədə IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə
direktoru Vibke Şlömer çərşənbə axşamı Trend-ə verdiyi müsahibəsində bildirib.

Azərbaycanda yeni layihələr və investisiya
prioritetləri

Onun sözlərinə görə, dinamik özəl sektorun inkişafı Azərbaycanın
iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi artımın təmin edilməsi,
iş yerlərinin yaradılması və rəqabət qabiliyyətinin artırılması
planları baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşların
məqsədyönlü və ardıcıl dəstəyi zəruridir. Dünya Bankı Qrupunun
Tərəfdaşlıq Strategiyası çərçivəsində IFC infrastruktur,
energetika, kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat və rəqəmsal
rabitə sahələrinə özəl investisiyaların cəlb edilməsi yolu ilə daha
dinamik və inklüziv iqtisadiyyatın formalaşmasına dəstək verir.

Su təsərrüfatı bu gündəliyin mühüm istiqamətlərindən biridir. Su
ehtiyatlarının çatışmazlığı əhali və biznes üçün getdikcə daha
ciddi məhdudiyyətə çevrildikcə, su təhlükəsizliyinin
gücləndirilməsi həm ehtiyatların daha səmərəli idarə olunmasını,
həm də yeni infrastrukturun yaradılmasına investisiyaları tələb
edəcək. IFC özəl sektorun təcrübəsi və maliyyələşdirməsinin dövlət
investisiyalarını tamamlaya biləcəyi dəniz suyunun
duzsuzlaşdırılması və tullantı sularının təmizlənməsi kimi
sahələrdə imkanları araşdırır.

Daha geniş mənada bu, Dünya Bankı Qrupunun inkişaf məqsədləri
üçün özəl kapitalın səfərbərliyini əhəmiyyətli dərəcədə artırmaq
səylərinin bir hissəsidir. Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində
rekord həcmdə – 112 milyard dollar özəl kapital səfərbər edib. Bu,
35 milyard dollar təşkil edən 2022-ci maliyyə ilinin
göstəricisindən üç dəfədən çoxdur. Qrupun öz maliyyələşdirməsi də
nəzərə alınmaqla, inkişaf etməkdə olan ölkələrdə ümumi
maliyyələşdirmə və səfərbər edilmiş vəsaitlərin həcmi 200 milyard
dolları ötüb. Azərbaycanda isə Dünya Bankı Qrupu 2026-cı maliyyə
ilində təxminən 100 milyon dollar özəl kapital səfərbər edib”, –
deyə Şlömer bildirib.

IFC direktorunun sözlərinə görə, məqsəd yalnız dövlət
maliyyələşdirməsini və ya inkişaf məqsədləri üçün ayrılan
vəsaitləri artırmaq deyil. Əsas vəzifə özəl investorların
fəaliyyətinə mane olan riskləri və əngəlləri azaltmaq, eləcə də
böyük həcmdə kapital cəlb edə biləcək investisiya imkanları
yaratmaq üçün maliyyə resurslarından, ekspert biliklərindən,
zəmanətlərdən və digər alətlərdən istifadə etməkdir.

“Kənd təsərrüfatında kiçik fermerlərin dövriyyə vəsaitləri əldə
etməsinə və qlobal dəyər zəncirlərinə inteqrasiyasına kömək edən
anbar şəhadətnamələri və məhsul qəbzləri kimi innovativ maliyyə
alətlərinin tətbiqini təşviq edirik.

Həmçinin tikinti sektorunda dayanıqlı inkişaf standartlarının
tətbiqinə dəstək veririk. Bu istiqamətdə tikintinin ekoloji
cəhətdən daha dayanıqlı olması üzrə yol xəritəsinin hazırlanması və
inkişaf etməkdə olan bazarlar üçün IFC tərəfindən xüsusi olaraq
hazırlanmış ekoloji tikinti standartı olan EDGE
sertifikatlaşdırmasının tətbiqi də nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycanın nəqliyyat və rəqəmsal bağlantılarının
daha da gücləndirilməsi məqsədilə nəqliyyat, logistika və rəqəmsal
infrastruktur sahələrində investisiya imkanlarını araşdırırıq”, –
deyə o bildirib.

Azərbaycan və Avropa arasında “yaşıl” enerji dəhlizlərinin
inkişafına IFC-nin baxışı

Şlömer qeyd edib ki, Azərbaycan və Avropa arasında “yaşıl”
enerji dəhlizlərinin inkişafı onların tam fəaliyyət göstərməsi üçün
zəruri infrastrukturun yaradılmasına investisiyalar tələb edir.

“Azərbaycanın Avropaya təmiz enerji ixracı ilə bağlı
hədəflərinin reallaşdırılması üçün etibarlı və dayanıqlı elektrik
şəbəkələri, eləcə də elektrik enerjisinin ötürülməsi sistemləri
zəruridir. Bunlar istənilən dayanıqlı enerji dəhlizinin əsasını
təşkil edir. Belə infrastrukturun yaradılması həm Azərbaycanın
enerji hədəflərinə nail olunması, həm də Cənubi Qafqazda regional
əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.

IFC böyük potensiala malik Azərbaycanın bərpaolunan enerji
sektoruna dəstək göstərməyə hazırdır. Xüsusilə, Dünya Bankı
Qrupunun Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramının
(ESMAP) təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisi üzrə
texniki potensialı 157 giqavat həcmində qiymətləndirilir”, – deyə o
əlavə edib.

IFC-nin Orta Dəhlizin inkişafı ilə bağlı
mövqeyi

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), həmçinin
Orta Dəhliz kimi tanınan marşrutun inkişafının birinci mərhələsi
işlək və dayanıqlı nəqliyyat marşrutunun yaradılmasına yönəlmişdi.
Növbəti mərhələdə isə onun iqtisadi dəhlizə çevrilməsi əsas məqsəd
olmalıdır. Dəhlizin uğuru yalnız daşınan yüklərin həcmi ilə deyil,
həm də onun vasitəsilə yaradılacaq müəssisələrin və iş yerlərinin
sayı, cəlb ediləcək investisiyaların həcmi ilə ölçüləcək. Dünya
Bankı Qrupunun təhlilinə görə, əlaqələndirilmiş investisiyalar və
zəruri islahatlar həyata keçirildiyi təqdirdə, 2040-cı ilədək
qeyri-neft yüklərinin daşınma həcmi dəfələrlə arta bilər.

Bu potensialın reallaşdırılması üçün yalnız nəqliyyat
infrastrukturu kifayət deyil. Marşrut boyunca yerləşən ölkələrdə
biznes fəaliyyəti üçün proqnozlaşdırıla bilən şərait,
maliyyələşdirməyə çıxış, etibarlı enerji təchizatı və səmərəli
logistika təmin edilməlidir. Bu şərtlər emal sənayesinin, kənd
təsərrüfatı məhsullarının emalının və anbar infrastrukturunun
inkişafına təkan verə bilər.

Bu məqsədlərə nail olmaqda özəl investisiyalar həlledici rol
oynayacaq. IFC Dünya Bankının və Çoxtərəfli İnvestisiyaların
Zəmanəti Agentliyinin (MIGA) alətlərinin dəstəyi ilə dövlət-özəl
tərəfdaşlığı çərçivəsində əməliyyatlar üzrə məsləhət xidmətlərinin
göstərilməsi, layihələrin hazırlanması və maliyyələşdirilməsi üçün
əhəmiyyətli imkanlar görür. Bununla yanaşı, tənzimləyici-hüquqi
çərçivənin aydınlığı, şəffaf qiymət təyin etmə və sərhəd-keçid
prosedurlarının səmərəliliyinin artırılması investorların
etimadının gücləndirilməsi baxımından əsas amillər olaraq qalır”, –
deyə IFC-nin direktoru bildirib.

Şlömerin fikrincə, Azərbaycanın imkanları tranzit daşımalarından
daha genişdir. Ölkənin strateji coğrafi mövqeyi yalnız onun
ərazisindən yük daşımaqla kifayətlənməyən, burada istehsal
müəssisələri yaratmağa və iş yerləri açmağa hazır olan şirkətləri
cəlb etməyə imkan verir.

O, həmçinin Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu üzərində strateji mövqeyə malik olduğunu vurğulayıb.




“Yükdaşımaların həcmi artdıqca, artan tələbatın ödənilməsi və
regional bağlantıların yaxşılaşdırılması üçün infrastrukturun
modernləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. IFC bu səylərə, o
cümlədən vaqon parkının yenilənməsinə, logistika və anbar
mərkəzlərinin yaradılmasına investisiyalar vasitəsilə dəstək
göstərmək imkanlarına malikdir. Bu, yükdaşıma imkanlarını
genişləndirməyə və daşımaların etibarlılığını artırmağa şərait
yaradacaq.

Belə investisiyalar Azərbaycanın rəqabətqabiliyyətli xərclərlə
fəaliyyət göstərən regional tranzit qovşağı kimi mövqeyini
gücləndirə və bütövlükdə nəqliyyat dəhlizinin infrastrukturunun
dayanıqlılığının artırılmasına töhfə verə bilər”, – deyə Şlömer
qeyd edib.

IFC-nin KOB-ların dəstəklənməsində və özəl sektorun
inkişafındakı rolu

Şlömerin sözlərinə görə, IFC Azərbaycanda yerli banklarla
tərəfdaşlıq vasitəsilə kiçik biznesin maliyyələşdirməyə çıxış
imkanlarını genişləndirməyi planlaşdırır.

O xatırladıb ki, Dünya Bankı Qrupu mikro, kiçik və orta
sahibkarlıq subyektlərinə (MKOS) dəstək göstərilməsi, onların
maliyyələşdirməyə çıxış imkanlarının genişləndirilməsi və yeni iş
yerlərinin yaradılması məqsədilə yeni strategiya hazırlayıb.
Strategiya Dünya Bankı Qrupunun Banqkokda keçirilən illik
toplantılarında təqdim olunub.

“Strategiya inkişafla bağlı əsas problemlərdən birinin həllinə
yönəlib. Belə ki, növbəti onillikdə inkişaf etməkdə olan ölkələrdə
1,2 milyard gənc əmək bazarına daxil olacaq, lakin proqnozlara
görə, cəmi 420 milyon iş yeri yaradılacaq. İnkişaf etməkdə olan
bazarlardakı müəssisələrin 90 faizi mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin payına düşür. Bu isə onların inkişafını
yaranacaq fərqin azaldılması baxımından mühüm amilə çevirir.

Strategiya müəssisələrin fəaliyyətində şəffaflığın
artırılmasını, bazarlarla əlaqələrinin və mövcud imkanlarının
genişləndirilməsini, eləcə də maliyyələşdirməyə çıxışın
yaxşılaşdırılmasını nəzərdə tutur. Buraya kredit qabiliyyətinin
qiymətləndirilməsi üçün rəqəmsal ödənişlərdən və əməliyyat
məlumatlarından istifadə, müəssisələrin bazarlara və ümumi
xidmətlərə çıxışının təmin edilməsi, tənzimləmənin
sadələşdirilməsi, həmçinin banklar, fintex şirkətləri, zəmanətlər,
risklərin bölüşdürülməsi mexanizmləri və sekyuritizasiya vasitəsilə
maliyyələşdirmənin genişləndirilməsi daxildir.

Strategiya özəl kapitalın səfərbər edilməsi, kiçik biznesin
fəaliyyətini genişləndirmək, məhsuldarlığını artırmaq və yeni iş
yerləri yaratmaq potensialının reallaşdırılması üçün Dünya Bankı
Qrupunun kompleks səylərini nəzərdə tutur.

Bu strategiyaya uyğun olaraq, IFC Azərbaycanda MKOS-un əsas
kreditorları olan yerli banklarla tərəfdaşlıq vasitəsilə kiçik
biznesin maliyyələşdirməyə çıxış imkanlarını genişləndirməyi
planlaşdırır. Həm mövcud, həm də yeni maliyyə institutları ilə
əməkdaşlıq genişləndiriləcək.

Eyni zamanda, IFC ənənəvi bank kreditləşməsindən kənara çıxan
daha geniş maliyyə həllərinin inkişafına dəstək verir. Bunlara
aktivlər girov qoyulmaqla maliyyələşdirmə, faktorinq də daxil
olmaqla təchizat zəncirinin maliyyələşdirilməsi, risklərin
bölüşdürülməsi alətləri, lizinq və maliyyə institutlarına MKOS-a
daha səmərəli xidmət göstərməyə imkan verən digər məhsullar
daxildir.

Bu həllər müəssisələrə əsasən daşınmaz əmlakın ənənəvi girovuna
güvənmədən debitor borcları, əmtəə ehtiyatları, avadanlıqlar və
digər biznes aktivləri əsasında maliyyələşdirmə əldə etməyə imkan
verir”, – deyə o əlavə edib.

Şlömer bildirib ki, IFC aktivlərin girov qoyulması əsasında
maliyyələşdirmə üzrə milli sistemin hazırlanmasına dəstək vermək
üçün Azərbaycan Banklar Assosiasiyası və bazarın digər
iştirakçıları ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq faktorinqin və
mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün digər alternativ
maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədilə zəruri
ekosistemin formalaşdırılmasını da əhatə edir.

“İnvestisiyaların, risklərin bölüşdürülməsi mexanizmlərinin və
məsləhət dəstəyinin birləşdirilməsi yerli maliyyə institutlarının
potensialının gücləndirilməsinə və kiçik biznesin maliyyələşdirməyə
çıxış imkanlarının genişləndirilməsinə kömək edə bilər”, – deyə o
izah edib.

IFC direktorunun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını
şaxələndirdikcə və enerji sektorunu modernləşdirdikcə, korporasiya
bu milli prioritetlərin dəstəklənməsinə sadiq qalır. Bunun üçün
maliyyə sektoru investisiya ehtiyaclarının dəyişməsinə
uyğunlaşmalıdır.

“IFC səmərəli həllərin tətbiqinə dəstək vermək və yerli
bankların potensialını gücləndirmək məqsədilə həm investisiya, həm
də məsləhət xidmətləri göstərir. Bunun konkret nümunəsi Bank
Respublika-ya milli valyutada təqdim edilmiş 20 milyon dollarlıq
IFC kredit xəttidir. Vəsaitin yarısı mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin, eləcə də aşağı gəlirli ev
təsərrüfatlarının maliyyələşdirilməsinə yönəldilib.IFC ölkənin
ehtiyaclarını nəzərə alaraq bu cür təşəbbüsləri genişləndirməyi
planlaşdırır. Belə investisiyalar yalnız ətraf mühit üçün faydalı
deyil, həm də biznesin enerji və digər resurslara çəkdiyi xərcləri
azaltmaqla rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək edir”, –
deyə Şlömer qeyd edib.

Ənənəvi sahələrə dəstək və innovasiyaların inkişafı
arasında balans

Şlömer ənənəvi sahələrə dəstəyin innovasiyalara investisiyalarla
birləşdirilməsinin Azərbaycanın uzunmüddətli iqtisadi artımı
baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Yaxın perspektivdə karbohidrogen sektoru mühüm rol oynamaqda
davam edəcək. Bununla yanaşı, ölkənin maliyyə imkanları və
energetika sahəsində topladığı təcrübə iqtisadiyyatın
şaxələndirilməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycanın bərpaolunan enerji potensialı olduqca böyükdür.
Günəş enerjisi üzrə potensial 23 giqavat, dənizdə külək enerjisi
üzrə isə 157 giqavat həcmində qiymətləndirilir. Bu, ölkənin
regional enerji ixracatçısı kimi mövqeyini gücləndirməsi üçün
əlverişli imkanlar yaradır. Elektrik enerjisinin ötürülməsi üzrə
transsərhəd infrastrukturun genişləndirilməsi Azərbaycanın dünya
bazarlarına inteqrasiyasını dərinləşdirə bilər.

Energetika ilə yanaşı, IFC rəqəmsal infrastrukturun,
aqrobiznesin və kiçik və orta sahibkarlıq sektorunun inkişafı üçün
də əhəmiyyətli imkanlar görür. IFC-nin beynəlxalq təcrübəsi
göstərir ki, ənənəvi sahələrin güclü tərəflərinin perspektivli
investisiyalarla birləşdirilməsi daha dayanıqlı və şaxələndirilmiş
iqtisadiyyatın formalaşmasına kömək edir.

IFC Azərbaycana bu yolda – regional və dünya bazarlarında
rəqabət aparmaq qabiliyyətinə malik innovativ və
rəqabətqabiliyyətli xərclərlə fəaliyyət göstərən iqtisadiyyatın
qurulmasında dəstək verməyə hazırdır”, – deyə o bildirib.