Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş
arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti
“Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların
fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda
ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi
daşıyıb.

Trend xəbər verir ki, turniri
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı
ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində
fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq
evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə
“Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini
sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və
dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların,
həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları
diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla
Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları
dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla
şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar
arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və
mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha
vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla
təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan
komandalar da medal və diplomlarla mükafatlandırılıb.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə
təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək,
uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb
olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin
davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ilk dəfə bu
ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu
davamı kimi reallaşdırılıb.

Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət
müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və
fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə
inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait
yaratmaqdır.