
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində
dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn
himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni
ziyarət ediblər.
Trend xəbər verir
ki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bu
müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara
qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki,
Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən
və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən
müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə
yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir
və iş bacarıqları öyrədilir.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və
ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti
ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər.
Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu
humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə
müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat
verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə
olunub.
Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar
qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət
proqramla çıxış ediblər.

