Geosiyasi gərginlik və qiymətli metallar bazarı: qızılın qiymətinə təsir edən amillər

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdəki davam edən gərginlik, qlobal maliyyə bazarlarında
narahatlıq yaratmış və investorları daha etibarlı hesab olunan
aktivlərə yönəltmişdir. Bu şəraitdə qiymətli metallar, xüsusilə
qızıl və gümüş ön plana çıxır. Bununla belə, bazarda baş verən
prosesləri yalnız geosiyasi amillərlə izah etmək düzgün olmaz.
Mövcud vəziyyət göstərir ki, qiymət dinamikasına eyni vaxtda bir
neçə amil təsir göstərir.

Bunu Trend-ə
açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai
Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və
qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən
Əmircanov bildirib.

Onun sözlərinə görə, son günlər qlobal maliyyə və əmtəə
bazarlarında müşahidə olunan əsas tendensiyalardan biri qızıl və
neft qiymətlərinin fərqli amillərin təsiri altında formalaşmasıdır:
“Hər iki aktiv üzrə artım qeydə alınsa da, bu yüksəlişin arxasında
dayanan səbəblər fərqlidir. Neft bazarında qiymət dinamikasına
əsasən təchizat riskləri və operativ xəbər axını təsir göstərir.
Qızıl isə geosiyasi qeyri-müəyyənliyin gücləndiyi şəraitdə
investorların daha etibarlı aktivlərə yönəlməsi nəticəsində dəstək
qazanır”.

Mütəxəssis vurğulayıb ki, qızıl qiymətlərində müşahidə olunan
yüksəliş yalnız geosiyasi gərginliklə bağlı deyil: “Bu prosesə
dolların məzənnə dinamikası, faiz dərəcələri ilə bağlı gözləntilər
və enerji bazarında baş verən dəyişikliklər də ciddi təsir
göstərir. Enerji qiymətlərində geriləmə inflyasiya təzyiqlərinin
zəifləyə biləcəyi ilə bağlı gözləntiləri gücləndirir. Bu isə öz
növbəsində mərkəzi bankların daha sərt monetar siyasət yürütməsi
ilə bağlı bazar gözləntilərinin müəyyən qədər yumşalmasına səbəb
olur. Gəlir gətirməyən aktiv kimi qızıl üçün belə mühit adətən
əlavə dəstək yaradır. Nəticə etibarilə, hazırkı şəraitdə bazar
iştirakçıları qızıla həm geosiyasi risklərdən qorunma aləti, həm də
maliyyə şərtlərinin nisbətən yumşalması ehtimalı fonunda üstünlük
verirlər”.

R. Əmircanov qeyd edib ki, bu kontekstdə Hörmüz boğazı xüsusi
strateji əhəmiyyət daşıyır: “Sözügedən marşrut qlobal enerji
təchizatı sisteminin əsas dayaq nöqtələrindən biri hesab olunur.
Həmin xətt üzrə yarana biləcək hər hansı ciddi fasilə və ya riskin
artması enerji bazarlarında qiymət təzyiqlərini gücləndirə, bununla
yanaşı əmtəə bazarlarında da əlavə gərginlik yarada bilər. Belə
inkişaf qızılın qiymətinə əlavə dəstək verən amillərdən biri kimi
çıxış edə bilər. Bu səbəbdən investorlar regionda baş verən
prosesləri yalnız siyasi hadisə kimi deyil, həm də bazar
dinamikasına birbaşa təsir göstərən risk amili kimi
qiymətləndirirlər”.

Mütəxəssisin sözlərinə görə, hazırkı mərhələdə qızıl bazarında
iki əsas istiqamət formalaşır: “Bir tərəfdə geosiyasi risklərdən
qaynaqlanan qoruyucu tələbat dayanır. Digər tərəfdə isə enerji
qiymətlərindəki dəyişikliklər, inflyasiya gözləntiləri və faiz
siyasəti yer alır. Bu amillər bəzən eyni istiqamətdə hərəkət edərək
qızılın qiymətini yüksəldir, bəzən isə bazarda qısamüddətli
tərəddüd yaradır”.

Yaxın dövrdə ən real ssenari qızılın geniş diapazonda
dalğalanması kimi görünür. Əgər regionda gərginlik daha da
dərinləşərsə, investorların etibarlı aktivlərə axını güclənə və
qızıl yeni yüksəliş mərhələsinə keçə bilər. Əksinə, diplomatik
yumşalma siqnalları artsa və enerji bazarındakı təzyiq azalsa,
qızılda qısamüddətli geri çəkilmə mümkündür.




R. Əmircanov vurğulayıb ki, Azərbaycan bazarı üçün də bu
proseslər birbaşa əhəmiyyət daşıyır: “Qlobal qızıl qiymətlərindəki
artım zərgərlik məmulatlarının istehsal xərclərinə və daxili
bazarda qiymət formalaşmasına birbaşa təsir göstərir. Xammal
alışından asılı olan bazar iştirakçıları üçün risklərin idarə
olunması daha da aktuallaşır. Daxili bazar üçün əsas risk yalnız
bahalaşma deyil, həm də qiymətlərin qısa müddətdə kəskin dəyişməsi
ehtimalıdır”.

O proqnozlara gəldikdə bildirib ki, yaxın dövrdə qızıl üçün əsas
ssenari müsbət fonun qorunması, lakin bu fonun yüksək dəyişkənliklə
müşayiət olunmasıdır: “Geosiyasi risklər davam etdikcə qızıl
qoruyucu aktiv kimi aktuallığını saxlaya bilər. Bununla yanaşı,
bazarda hər hansı yumşalma siqnalı qısamüddətli korreksiyalara da
səbəb ola bilər.

Gümüşə gəldikdə isə, burada vəziyyət bir qədər fərqlidir. Gümüş
çox vaxt qızılla eyni istiqamətdə hərəkət etsə də, bu bazar daha
həssas hesab olunur. Bir tərəfdən, qiymətli metallara marağın
artması gümüşə də dəstək verir. Digər tərəfdən isə onun sənaye
metalı kimi rolu iqtisadi aktivliklə bağlı siqnallara daha kəskin
reaksiya verməsinə səbəb olur. Bu baxımdan, gümüş həm qızılla
paralel olaraq daha sürətli bahalaşa, həm də mənfi xəbər fonunda
daha sərt geri çəkilə bilər”.

“Hazırda bazar üçün əsas məsələ qızılın bahalaşmasının davam
edib-etməyəcəyi deyil. Əsas sual növbəti xəbər axınının qiymətlərdə
yeni sıçrayış yaradıb-yaratmayacağı və ya bazarın qısamüddətli
sabitləşmə mərhələsinə keçib-keçməyəcəyidir. Qızılın əsas üstünlüyü
onun böhran dövrlərində daha etibarlı seçim kimi qəbul olunmasıdır.
Gümüş isə daha çevik, daha həssas və daha dəyişkən aktiv olaraq
qalır. Buna görə də yaxın dövrdə hər iki metala maraq yüksək olaraq
qalsa da, həlledici amil yenə də bazara daxil olan xəbərlərin
sürəti və xarakteri olacaq”, – R. Əmircanov fikrini
yekunlaşdırıb.

Qeyd edək ki, London əmtəə bazarında hazırda qızılın bir
unsiyası 5 140 –5 160 ABŞ dolları intervalında ticarət olunur.
Gümüşün bir unsiyasının qiyməti isə 89 ABŞ dolları
səviyyəsindədir.

Beynəlxalq bazarlarda qızılın qiymətinin artması daxili bazarda
da öz təsirini göstərir. Hazırda pərakəndə satış seqmentində bütün
əyar kateqoriyaları üzrə qızıl məmulatlarının qiymətlərində əvvəlki
dövrlə müqayisədə yüksəliş müşahidə olunur.

Mövcud qiymətlərə əsasən, 585 əyarlı qızıl məmulatlarının satış
qiyməti 200–240 manat, 750 əyarlı qızıl məmulatlarının satış
qiyməti 260–300 manat, 999,9 əyarlı qızıl məmulatlarının satış
qiyməti isə 300–340 manat arasında dəyişir.