
Bakı. Trend:
Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq
tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam
etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcək.
Trend xəbər
verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və
Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial
müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min,
Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla
ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi
nəzərdə tutulur.
“Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid
müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə
başlanılacaq.
2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və
əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 500-dək
müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində
fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris
müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır”, – deyə o
vurğulayıb.

