Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Baş səhifə

Bakı. Trend:

Fransada istehlak qiymətləri sentyabr ayında illik müqayisədə
3,1 faiz artaraq 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə
çatıb. Bahalaşmaya əsasən enerji daşıyıcılarının və bəzi təzə ərzaq
məhsullarının qiymətlərinin yüksəlməsi təsir göstərib.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun
(Insee) yekun məlumatlarına əsasən, sentyabrda istehlak qiymətləri
indeksi aylıq müqayisədə 0,3 faiz azalsa da, illik inflyasiya 3,1
faiz təşkil edib.

Enerji qiymətləri bir il ərzində 21,3 faiz artıb. Neft
məhsullarında bahalaşma 36,2 faizə, dizel yanacağında 44,1 faizə,
təbii qazda isə 19 faizə çatıb. Xidmətlərin qiymətləri 2,4 faiz,
tütün məhsulları 3,3 faiz, ərzaq məhsulları isə 1,4 faiz
bahalaşıb.




İsti hava dalğalarının təsiri ilə bəzi meyvə-tərəvəzlərin
qiymətlərində də kəskin artım qeydə alınıb.

Bununla yanaşı, sənaye məhsullarının qiymətləri illik müqayisədə
0,3 faiz azalıb. Çörək və taxıl məhsulları, eləcə də yağların
qiymətində də cüzi enmə müşahidə olunub. Zinət əşyaları və
saatların qiyməti isə 12,2 faiz artıb.

Insee-nin oktyabr ayı üzrə ilkin inflyasiya göstəricilərini
oktyabrın 30-da, yekun məlumatları isə noyabrın 13-də açıqlaması
planlaşdırılır. Pərakəndə ticarət sektorunun bəzi nümayəndələri
sənaye şirkətlərinin qiymət artımı tələbləri fonunda 2027-ci ilin
əvvəlində bahalaşmanın 4 faizə çata biləcəyini
proqnozlaşdırırlar.