
Bakı. Trend:
FIFA son vaxtlar ali futbol qurumunun prezidenti Canni İnfantino
barədə səsləndirilən iddialarla bağlı bəyanat yayıb.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, bəyanatda iddiaların funksionerin nüfuzuna
xələl gətirmək üçün qəsdən ortaya atıldığı bildirilib.
“Getdikcə daha aydın olur ki, bəziləri tərəfindən FIFA-nın və
onun prezidentinin nüfuzuna xələl gətirmək üçün birgə və davamlı
cəhdlər var. FIFA üzvlərinin dəstəyini ala bilməyənlər ittihamlar,
eyhamlar və ya dezinformasiya yolu ilə nələrsə əldə etməyə
çalışmamalıdırlar. Son hesabatlarda FIFA və onun prezidenti ilə
bağlı əsassız iddialar və açıq şəkildə yalan ifadələr yer alıb.
Fərziyyələr və eyhamlar fakt kimi təqdim edilməməlidir və nəyisə
təkrarlamaq ittihamı təsdiqləmir” – deyə bəyanatda vurğulanıb.
Əlavə edilib ki, FIFA prezidenti peşəkar həyatının 30 ildən
çoxunu Avropa və dünya futboluna həsr edib, oyunda əhəmiyyətli
dəyişikliklərə səbəb olub və xüsusən də qlobal futbolda çıxışı,
resursları və imkanları genişləndirib: “Dəyişiklik qaçılmazdır və
mövcud maraqlara meydan oxuyur. Lakin bu dəyişikliklərlə
razılaşmamaq FIFA prezidentinin və ya onun rəhbərlik etdiyi
təşkilatın demokratik mandatını pozmaq cəhdlərini əsaslandıra
bilməz”.

