
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin
təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın
təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə
işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi”
mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, təlimin keçirilməsində məqsəd
Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən
obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı
məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə
əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu
istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə
müvafiq maarifləndirmə işinin aparılması olub.
Tədbirə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi
texnikası cəlb edilib.
Təlim praktiki və nəzəri hissədən ibarət olub. Nəzəri hissədə
FHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı
davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə
geniş məlumat verilib, suallar cavablandırılıb. Praktiki hissədə
Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan
“partlayış”la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi,
qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat,
axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə
komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın
nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə
söndürülüb, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış”
şəxslər xilasedicilər tərəfindən “xilas edilərək ilk yardım
göstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.
Daha sonra təlim çərçivəsində əldə edilmiş nəticələrin
müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar
verilib.

