Bakı. Trend:
Rəsmi Pekin “TikTok” platformasının mülkiyyəti məsələsinin həlli
ilə bağlı ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi ÇXR
rəhbəri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Pusandakı
(Cənubi Koreya Respublikası) görüşlərinin nəticələrinə əsasən
bəyanat yayıb.
“Tərəflər həmçinin Madriddə keçirilən ticarət
məsləhətləşmələrinin nəticələrini təsdiqləyiblər, ABŞ investisiya
kimi müəyyən sahələrdə müsbət öhdəliklər götürüb, Çin isə “TikTok”
məsələsini ABŞ ilə birlikdə lazımi qaydada həll etməyə razılaşıb”,
– deyə nazirliyin saytında dərc olunan bəyanatda bildirilir.
Qeyd edək ki, 25 sentyabr tarixində Trampın imzaladığı fərmanla,
Çin sosial şəbəkəsi olan “TikTok”un Birləşmiş Ştatlar biznesinin
nəzarətinə keçməsi ilə bağlı sövdələşmə təsdiqlənib.
Fərmanda bildirilir ki, yeni qurumda ən böyük pay və nəzarət ABŞ
vətəndaşlarına məxsus olacaq. Çin şirkəti “ByteDance” isə 20%-dən
az pay əldə edəcək, qalan hissə isə müəyyən investorlara məxsus
olacaq. Həmin investorların kimliyi açıqlanmır.

