Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib

Baş səhifə

Bakı. Trend:

Burkina-Faso hökuməti iyunun 26-dan etibarən Fransa ilə
diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.

Hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında
münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra
qəbul olunduğu bildirilir. Sənəddə qeyd edilir ki, tərəflər
arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və
dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin
inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.




Burkina-Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin
ölkənin maraqlarına zidd olduğunu iddia edir. Kommünikedə Parisin
“neokolonial meyillər nümayiş etdirdiyi”, həmçinin Sahel regionunda
fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyi
irəli sürülür. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin
Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və
bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi
daşıdığı vurğulanır.

Bəyanatda bildirilir ki, Burkina-Faso müstəqil xarici siyasət
kursunu davam etdirmək, beynəlxalq tərəfdaşlıqları şaxələndirmək,
Cənub-Cənub əməkdaşlığını genişləndirmək, bütün dövlətlərlə
balanslaşdırılmış münasibətlər qurmaq, eləcə də sülhün,
təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə töhfə vermək
əzmindədir.