Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç
şəhərində U-23 Avropa çempionatının qalibi olub. 50 kq çəki
dərəcəsində mübarizə aparan millinin lideri finalda Tevfik Akkası
(Türkiyə) məğlub edib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə,
B.Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə
qazanaraq Avropa çempionu tituluna yiyələnib. O, bununla da
Azərbaycan boksunda yeni tarix yazıb. Millimizin heyətində gənclər
arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov
ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19
yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb.
Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq)
Avropa çempionatını bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün
Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.