
Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”
adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.
Trend xəbər verir
ki, verilişin bu buraxılışının qonağı Azərbaycan Respublikasının
Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor, ssenarist, pedaqoq,
televiziya aparıcısı və aktyor Ayaz Salayev olub.
Söhbətdə Cənubi Qafqaz regionunda baş verən dərin proseslərə –
xalqlar arasında etimaddan tutmuş tarixi illüziyalara və sülhə
doğru aparan çətin yola qədər olan mövzulara toxunulub.
Ayaz Salayev qeyd edib ki, Qafqaz öz inkişafının yeni
mərhələsinə qədəm qoyur:
“Biz sülhə doğru irəliləyirik, ətrafda inteqrasiya prosesləri
gedir, lakin hələ də müəyyən gərginlik ocaqları qalır. Azərbaycan
bu gərginliyin azalmasına nail olub”.
O vurğulayıb ki, dayanıqlı sülhün əsas elementi etimaddır:
“Etimad olmadan nə dialoq mümkündür, nə də nəticə. Bu, ən
çətindir”.
Ayaz Salayevin sözlərinə görə, dayanıqlı sülh üçün yalnız
diplomatik yaxınlaşma deyil, həm də tarixin yenidən dərk olunması,
keçmiş ideologiyalardan azad olunma vacibdir. Əməkdar incəsənət
xadimi bildirib ki, Azərbaycan hər zaman dözümlülük və açıqlıq
nümayiş etdirib:
“Azərbaycanda istənilən dinə etiqad edilir, hər bir insan özünü
rahat hiss edir. Biz bağışlamağı, əl uzatmağı bacarırıq- bu, qürur
duyulası bir xüsusiyyətdir”.
Trend verilişin
tam videosunu təqdim edir:

