
Bakı. Trend:
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı
səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Trend xəbər verir ki,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə
iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov
səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki,
səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas
küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın
bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə
də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin
inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs
Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar,
hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir,
bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və
Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi
arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid
məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir
mübadiləsi aparıblar. .
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün
mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın
buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin
həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi
əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın
Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi
haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin
Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.

