Bakıda TDT sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası keçirilib (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin
sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin ikinci
iclası keçirilib.

Trend xəbər verir
ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, TDT
baş katibi Kumanıçbek Ömüraliyev, Qırğızıstan Respublikasının
İqtisadiyyat və Ticarət naziri Bakıt Sıdıkov, Türkiyənin Sənaye və
Texnologiyalar naziri Mehmet Fatih Kacır və başr rəsmi nümayəndələr
iştirak ediblər.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin
sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının
gedişində bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına
sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına
əminəm.

“Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının
12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilata
sədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığın
daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə
olunacaq”, – deyə o bildirib.

Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində
dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də
innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına
inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

“Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını
gücləndirmək baxımından mühüm addımdır”, – deyə o əlavə edib.




Öz növbəsində TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev qeyd edib
ki, Türk Dövlətləri Təşkilatının (TDT) 2025–2026-cı illər üçün
yenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnoloji
inteqrasiyasının əsasını formalaşdırır.

O qeyd edib ki, yenilənmiş fəaliyyət planı üzv ölkələr arasında
süni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar,
standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı,
həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyə
yönəlib.

Ömüraliyav vurğulayıb ki, nazirlər səviyyəsində görüş 12-ci TDT
Sammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türk
dövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğru
mühüm addımını təşkil edir. Keçən il İstanbulda keçirilən ilk
görüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsində
əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

“Əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planının
icrasında işçi qrupların və alt qrupların irəliləyişi, süni
intellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi,
Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek”
kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativ
ekosistemin inkişafı yer alır”, – deyə o bildirib.

İclasın yekununda birgə bəyannamə imzalanıb. Sənədi Azərbaycan
tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türk Dövlətləri
Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev imzalayıblar.