Bərgüşadçay su anbarının II mərhələsi üzrə 87,8 milyon manatlıq işlər görüləcək

Baş səhifə

Bakı. Trend:

Bərgüşadçay su anbarının tikintisi (II mərhələ) çərçivəsində
təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və
paylayıcı boru kəmərlərinin tikintisi (1-ci hissə) işləri
aparılacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı
müvafiq tədbirlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum sözügedən işlərin 87,8 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.




Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan
Obyektlərin Müdiriyyəti Bərgüşadçay su anbarının tikintisi
işlərinin icrası ilə bağlı “Sistem Elektro Mekanik Tesisler Sanayi
ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı ilə
razılaşıb.

Şirkətin təklif etdiyi vəsaitin miqdarı 51 milyon 765 min manat
olub.

2022-ci ildə Bərgüşadçay su anbarının yeri isə topoqrafik və
mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq
Qubadlı şəhərindən yuxarıda – Bəxtiyarlı kəndinin yaxınlığında
yaradılması təklifi qəbul edilib.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə
Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə
təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə
“Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın
qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin
mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri
ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik
Stansiyasının quraşdırılması mümkün olacaq.