
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) son illər
ərzində beynəlxalq ali təhsil məkanında mövqeyinin
möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü inkişaf
strategiyası həyata keçirir. Bu strategiyanın real və ölçülə bilən
nəticələri nüfuzlu beynəlxalq reytinq qurumlarının açıqladığı
göstəricilərdə əksini tapır.
Bu barədə Trend-ə universitetdən məlumat verilib.
Bildirilir ki, dünyanın aparıcı ali təhsil reytinq
agentliklərindən olan “Quacquarelli Symonds” (QS) tərəfindən elan
edilən “QS World University Rankings: Europe 2026” siyahısında
AzMİU əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyiş nümayiş
etdirib.
Cari reytinq siyahısına Avropanın 42 ölkəsindən ümumilikdə 958
ali təhsil müəssisəsi daxil edilib. AzMİU 2026-cı il üzrə Avropa
reytinqində 476-cı mövqedə qərarlaşıb. Qeyd etmək lazımdır ki,
universitet 2024-cü ildə 601+, 2025-ci ildə isə 551–600 aralığında
yer almışdı. Qısa müddət ərzində əldə olunan bu yüksəliş AzMİU-nun
beynəlxalq reytinqlər üzrə ardıcıl, davamlı və strateji inkişaf
trayektoriyası üzrə irəlilədiyini aydın şəkildə nümayiş
etdirir.
Xüsusilə diqqətçəkən məqamlardan biri cari reytinq dövründə
AzMİU-nun üstələdiyi ali təhsil müəssisələrinin faiz göstəricisinin
12,6%-dən 50,4%-ə yüksəlməsidir. Bu fakt universitetin Avropa ali
təhsil məkanında mövqeyinin kəmiyyət və keyfiyyət baxımından
əhəmiyyətli dərəcədə möhkəmləndiyini, rəqabət qabiliyyətinin
nəzərəçarpacaq şəkildə artdığını, AzMİU-da tətbiq olunan strateji
idarəetmə modelinin, keyfiyyətyönümlü akademik siyasətin,
beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqini göstərən mühüm
göstəricidir.
Mübadilə əsasında təhsil alan xarici tələbələrin sayına görə
ölkə birincisi olan AzMİU “QS Europe 2026” reytinqi çərçivəsində
bir sıra əsas indikatorlar üzrə də müsbət dinamika nümayiş
etdirib:
• mübadilə proqramları vasitəsilə xaricə gedən tələbələrin
nisbəti üzrə göstərici balı 40,0-a;
• mübadilə proqramları çərçivəsində universitetə gələn
tələbələrin nisbəti üzrə göstərici balı 39,0-a;
• fakültə–tələbə nisbəti üzrə göstərici balı 38,9-a;
• işəgötürənlər arasında reputasiya göstəricisi 36,0-a;
• dayanıqlılıq göstəricisi 34,2-yə;
• akademik reputasiya göstəricisi 31,1-ə;
• məzunların məşğulluq nəticələri üzrə göstərici 28,9-a;
• əcnəbi tələbələrin müxtəlifliyi üzrə göstərici 18,0-a;
• əcnəbi fakültə üzvlərinin nisbəti üzrə göstərici 14,4-ə;
• fakültə üzvünə düşən elmi məqalələrin sayı üzrə göstərici isə
1,9 yüksəlib.
Bu nəticə AzMİU-da tədris keyfiyyətinin sistemli şəkildə
yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması,
professor-müəllim heyətinin potensialının gücləndirilməsi,
beynəlxalq akademik şəbəkələrə inteqrasiyanın dərinləşdirilməsi və
dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi
istiqamətində həyata keçirilən kompleks tədbirlərin məntiqi
nəticəsidir.
Universitet rəhbərliyi gələcəkdə də beynəlxalq tədqiqat
əməkdaşlıqlarının genişləndirilməsini, qlobal akademik
reputasiyanın daha da gücləndirilməsini, təhsil proqramlarının
beynəlxalq akkreditasiyasını, məzunların beynəlxalq əmək bazarında
rəqabət qabiliyyətlərinin artırılmasını prioritet kimi
müəyyənləşdirib.
Bu məqsədlə AzMİU beynəlxalq reytinqlərdə mövqeyini daha da
yüksəltməyə, Avropa və qlobal ali təhsil məkanında dayanıqlı,
tanınmış universitetlər sırasında yerini möhkəmləndirməyə yönəlmiş
fəaliyyətini sistemli şəkildə davam etdirməyi hədəfləyir.

