
Bakı. Trend:
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan
rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları
(statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə
ümumilikdə 141,1 milyon əməliyyat aparılıb və bu əməliyyatların
ümumi həcmi 7,8 milyard manat təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 39,3 milyon və ya
38,6 faiz, əməliyyatların həcmi isə 1,6 milyard manat və ya 25,6
faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 1,1
milyon, ümumi həcmi isə 88,6 milyon manat olub.
Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda
fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən
buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün
əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat
isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən
buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.

