
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu
üzrə kredit portfeli 31,169 milyard manat, o cümlədən vaxtı keçmiş
kreditlərin həcmi isə 544,8 milyon manat təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı
hesablamaya görə, kredit portfeli aylıq müqayisədə 127,6 milyon
manat və ya 0,4%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən
isə 2,4 milyard manat və ya 8,3% çoxdur.
Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub.
Belə ki, bu ilin noyabrın 1-nə sözügedən sahəyə qoyulmuş
kreditlərin həcmi 18,584 milyard manata çatıb. Bu isə ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə 2 milyard manat və ya 12%
çoxdur.
Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklar
tərəfindən ticarət və xidmət sektoruna 4,222 milyard manat (+5%),
nəqliyyat və rabitə sektoruna 2,124 milyard manat (+17,2%), inşaat
və tikinti sektoruna 1,832 milyard manat (-4,2%), sənaye və
istehsal sektoruna 1,693 milyard manat (+8,1%), mədənçıxarma və
elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 694,8
milyon manat (-24%), kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sektoruna 571,4 milyon manat (+3,9%) kredit qoyulub.

