
Bakı. Trend:
Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş
prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24
noyabrda Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş
prokuroru Aleks Florantsa ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında
dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı,
prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq
doğuran məsələlər müzakirə mövzu olub.
Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü
çatdırıb, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin
dərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyinin
söyləyərək, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı faydalı
və səmərəli olduğunu bildirib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq
islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan
genişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədə
beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb. O, 2024-cü ilin
oktyabr ayında Aleks Florentsanın Bakıya baş tutan işçi səfərini
xatırlayaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf
etdirilməsi haqqında Anlaşma Memorandumu hüquqi əməkdaşlığın
möhkəmləndirilməsi istiqamətində yüksək qiymətləndirib. Kamran
Əliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları
arasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfi
Azərbaycana rəsmi səfər etməyə dəvət edib.
Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş
prokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycan ilə
əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki
ölkənin prokurorluq orqanları arasında münasibətlərindən söz
açaraq, təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumları
çərçivəsində əməkdaşlıq barədə danışıb.
Daha sonra, qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyəti
barədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqi
sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da
iştirak edib.

