
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun
Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik
məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşündə iki
ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və tranzit daşımalar,
habelə rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə
edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat
Xidməti məlumat yayıb.
Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur
dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat
verib.
Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının
gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu
xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat
Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan,
Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş
layihəsinin önəminə toxunulub.

