Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına əhəmiyyətli investisiya yatırır – Nazir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kənd
təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli
investisiyalar yatırır.

Trend xəbər verir
ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov
Özbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya
ölkələri və Azərbaycanın iştirakı ilə “Dayanıqlı aqroekosistemlər
üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma”
mövzusunda keçirilən aqrobiznes forumunda çıxışı zamanı deyib.

Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və Mərkəzi
Asiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir.
Nazir aqrar sahədə Azərbaycanda aparılan islahatlardan söz açıb,
ölkədə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata
keçirilən innovativ layihələr barədə məlumat verib. Nazir Məcnun
Məmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və
rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı
məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə
dövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökuməti
iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin
inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların
əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı
kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir
əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş
innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə,
yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azad
edilmiş əraziləri “ağıllı şəhərlər” və “ağıllı kəndlər”
konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd
təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil
edir”.




Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kənd
təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün
böyük potensial var və mövcud nəqliyyat infrastrukturu, azad
iqtisadi zonalar və əlverişli investisiya mühitindən istifadə
edilməklə aqrar sahədə əlaqələr daha da inkişaf etdirilə bilər.
Forumda çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kənd
təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin
qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid
üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı,
torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv
aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların
tətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi,
qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatına dayanıqlı
investisiya barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr
aparıblar.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın
perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verən
B2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrin
möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı
layihələrin təşviqinə yönəlib.