Avropa öz təhlükəsizliyi naminə üzərinə daha çox məsuliyyət götürür – Almaniya MN (ÖZƏL)

Baş səhifə

Münxen. Trend:

Avropa zamanla öz təhlükəsizliyi naminə üzərinə daha çox
məsuliyyət götürür.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Münxen
Təhlükəsizlik Konfransı çərçivəsində Trend-ə açıqlamasında bildirib.

“Bu, ABŞ-nin Hind-Sakit okean regionunda əlavə vəzifələrə diqqət
yetirməsinə imkan verəcək. Daha çox məsuliyyət o anlama gəlir ki,
Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoyur, daha çox
silahlanma sistemləri inkişaf etdirir və satın alır, zəruri
infrastrukturu genişləndirir və şəxsi heyətin sayını artırır”, –
deyə qurumun nümayəndəsi bildirib.

O vurğulayıb ki, Almaniya Avropada NATO-nun iqtisadi cəhətdən ən
güclü üzvü kimi bu prosesdə mühüm rol oynayır.

“Biz daha çox silah sistemləri alırıq, təhlükəsizlik sahəsində
mövcud boşluqları mərhələli şəkildə aradan qaldırırıq, həmçinin
birgə satınalmaları getdikcə daha fəal şəkildə həyata keçiririk”, –
deyə Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Qurumun nümayəndəsi qeyd edib ki, Almaniya alyans çərçivəsində
məsuliyyəti öz üzərinə götürür və silahlı qüvvələrini davamlı
şəkildə gücləndirir.

“Beləliklə, biz alyansın ikili nəzər nöqtəsini – müdafiə və
çəkindirməni gücləndiririk. Yalnız güc eskalasiyanın daha da
böyüməsinin qarşısını ala bilər”, – deyə o vurğulayıb.

Bundan əlavə, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib
ki, təhdidlər dəyişir və getdikcə daha mürəkkəb və dinamik xarakter
alır.

Ukraynadakı müharibəyə toxunan nümayəndə əlavə edib ki,
beynəlxalq münasibətlərin ənənəvi sərhədlərinin sarsıdılması
prosesləri müşahidə olunur.

Qeyd edək ki, fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik
Konfransı (MSC 2026) öz işinə başlayıb.

Tədbirdə 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox
nazir, eləcə də BMT, NATO, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq
təşkilatlardan 40-dan artıq vəzifəli şəxs iştirak edir.

Konfrans dünyada geosiyasi və geoiqtisadi gərginliyin hökm
sürdüyü şəraitdə keçirilir. O, uzunmüddətli alyansların
etibarlılığı və davamlılığının sual altına qoyulduğu, qaydalara
əsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal qeyri-sabitliyin
artdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüf
edir.