Brüssel Bakının qapısını döyür – Azərbaycan amili ön plana çıxır

Baş səhifə

Bakı. Trend:

Son günlər Bakıda müşahidə olunan diplomatik fəallıq adi
səfərlər təqvimindən daha böyük mənzərə yaradır. Noyabrın ikinci
yarısında Avropanın müxtəlif ölkələrindən yüksəkvəzifəli
nümayəndələrin Azərbaycana ard-arda səfər etməsi, Estoniyanın
Bakıda səfirliyinin açılması, ölkəmizin ATƏT-ə sədrliyə namizəd
irəli sürülməsi və Avropa İttifaqı ilə viza rejiminin
sadələşdirilməsi məsələsinin yenidən gündəmə gəlməsi Azərbaycanın
regiondakı strateji əhəmiyyətinin sübutudur.

Noyabrın 17-dən 27-dək Bakıya Almaniyanın xarici işlər naziri
Yohann Vadeful, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri,
baş nazirin müavini Mariam Kvrivishvili, İtaliyanın xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, Monteneqronun Baş
naziri Miloyko Spayiç, Gürcüstanın xarici işlər naziri Maka
Boçorişvili, Litvanın xarici işlər naziri Kestutis Budris və
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna səfər ediblər.
Noyabrın 22-də isə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn
Mallin Azərbaycanda olub.

Bu qədər yüksək səviyyəli səfərin qısa müddətə təsadüf etməsi
təsadüfi deyil. Söhbət yalnız ikitərəfli münasibətlərin
inkişafından getmir. Bu səfərlərin gündəliyində enerji
təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, investisiyalar,
regional sabitlik və Cənubi Qafqazda formalaşan yeni siyasi
reallıqlar kimi məsələlər dayanır.

Avropa ölkələrinin Bakıya marağının başlıca səbəblərindən biri
Azərbaycanın Cənubi Qafqazda formalaşmış siyasi və iqtisadi
mövqeyidir. Azərbaycan regionun aparıcı siyasi-iqtisadi gücü
olmaqla yanaşı, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin
inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsində və regional
əməkdaşlıq layihələrində mühüm iştirakçıdır.

Son illərdə geosiyasi proseslər, ənənəvi nəqliyyat
marşrutlarında yaranan çətinliklər və enerji təchizatının
şaxələndirilməsi zərurəti Azərbaycanın əhəmiyyətini daha da
artırıb. Avropa üçün Azərbaycan yalnız enerji resursları əldə
edilən ölkə deyil, həm də Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və daha
geniş Asiya məkanına çıxış baxımından vacib tərəfdaşdır.

Bu mənada Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çin
və Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun
rəqabətqabiliyyətliliyinin artırılması üçün Azərbaycanın nəqliyyat
infrastrukturu, liman imkanları, dəmir yolları və tranzit
potensialı mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt
Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri
bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

Avropa rəsmilərinin Bakı səfərlərində nəqliyyat və logistika
məsələlərinin xüsusi yer tutması da təsadüfi deyil. Avropa İttifaqı
üçün alternativ marşrutların inkişafı iqtisadi maraq olmaqla
yanaşı, geosiyasi və təhlükəsizlik baxımından da
əhəmiyyətlidir.

Enerji sahəsində də Azərbaycan Avropanın diqqət mərkəzindədir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji
mənbələrini şaxələndirmək siyasəti daha da aktuallaşıb. Azərbaycan
isə təbii qaz ixracı, Cənub Qaz Dəhlizi və bərpaolunan enerji
potensialı ilə bu strategiyanın mühüm tərəfdaşlarından biri kimi
çıxış edir.

Noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulun
Bakıya səfəri zamanı da enerji, iqtisadiyyat, investisiyalar,
nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə
olunub. Almaniya tərəfinin Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində və Orta Dəhlizin inkişafında roluna diqqət
yetirməsi bu marağın konkret nümunəsidir.

İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Azərbaycana
səfəri çərçivəsində keçirilən biznes forumda 240-dan çox
nümayəndənin iştirakı isə iqtisadi əlaqələrin miqyasını göstərir.
Tərəflər enerji, infrastruktur, bərpaolunan enerji, kritik
xammallar və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq
imkanlarını müzakirə ediblər.

Diplomatik fəallığın digər göstəricisi Avropa ölkələrinin
Azərbaycandakı diplomatik mövcudluğunu genişləndirməsidir.

Noyabrın 27-də Estoniyanın Bakıda səfirliyinin rəsmi açılışı baş
tutub. Estoniyanın ilk rezident səfiri Tiina Nirk olub. Bu addım
Tallinin Cənubi Qafqazda diplomatik iştirakını gücləndirmək və
Azərbaycanla əlaqələri daha fəal inkişaf etdirmək niyyətinin
göstəricisidir.

Səfirliklərin açılması və ya yaradılması barədə qərarların qəbul
edilməsi diplomatik münasibətlərin gündəlik idarə olunmasından daha
geniş məna daşıyır. Bu, həmin ölkələrin Azərbaycanla əlaqələrə
uzunmüddətli perspektivdən yanaşdığını və regionda baş verən
proseslərdə iştirakını artırmaq istədiyini göstərir.

Azərbaycan-Avropa münasibətlərinin gündəliyində diqqət çəkən
məsələlərdən biri də viza rejiminin sadələşdirilməsidir. Son günlər
Litva və Estoniya rəsmilərinin bu istiqamətdə səsləndirdiyi
fikirlər mövzunun yenidən aktuallaşdığını göstərir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici
işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında bildirib
ki, Bakı Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasını
qarşılıqlı faydalı addım kimi qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları turizm, təhsil və
biznes məqsədilə Avropa ölkələrinə tez-tez səfər edirlər. Viza
prosedurlarının sadələşdirilməsi bu səfərləri asanlaşdırmaqla
yanaşı, insanlar arasında əlaqələrin, iqtisadi və humanitar
əməkdaşlığın inkişafına da töhfə verə bilər.

Nazir qeyd edib ki, litvalı həmkarı bu məsələnin irəli
aparılmasını dəstəkləyib. Litvanın 2027-ci ilin ilk yarısında
Avropa İttifaqı Şurasına sədrlik edəcəyi nəzərə alınarsa, həmin
dövr viza gündəliyinin müzakirəsi üçün əlavə imkan yarada
bilər.

Burada mühüm məqam ondan ibarətdir ki, viza məsələsi təkcə
səyahət rahatlığı ilə məhdudlaşmır. Bu, tələbə mübadiləsi, turizm,
biznes əlaqələri və insanlar arasında təmasların genişlənməsi
deməkdir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində belə
bir addımın atılması ikitərəfli əlaqələrə praktik məzmun verə
bilər.

Avropa ölkələrinin Azərbaycanla təmaslarında diqqət çəkən digər
istiqamət Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi
Qafqazda davamlı sülhün təmin olunmasıdır.

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi regionun
gələcək iqtisadi və nəqliyyat perspektivləri baxımından da mühüm
əhəmiyyət daşıyır. Kommunikasiyaların açılması, sərhədlərin
delimitasiyası və demarkasiyası, qarşılıqlı etimadın
formalaşdırılması regionun beynəlxalq iqtisadi əlaqələrə daha geniş
inteqrasiyası üçün imkanlar yarada bilər.

Avropa rəsmilərinin Bakıdakı görüşlərində sülh prosesinə
toxunmaları da bu məsələnin beynəlxalq gündəlikdəki yerini
göstərir. Çünki Cənubi Qafqazda davamlı sülh nəqliyyat
marşrutlarının təhlükəsizliyi, ticarət əlaqələri və enerji
layihələrinin inkişafı üçün vacib şərtdir.

Azərbaycanın ATƏT-ə sədrliyə namizədliyi məsələsi də bu
kontekstdə diqqət çəkir. Noyabrın 27-də Estoniyanın xarici işlər
naziri ilə birgə mətbuat konfransında Ceyhun Bayramov Azərbaycanın
ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürməyə dəvət aldığını və
ölkənin bu platformada müsbət töhfə verməyə hazır olduğunu
bildirib.

Bu açıqlama Azərbaycanın beynəlxalq təşkilatlarda daha fəal rol
oynamaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Noyabr ayında Bakıya baş tutan səfərləri, yeni diplomatik
təmsilçilik qərarlarını və viza məsələsində səsləndirilən dəstək
bəyanatlarını ayrı-ayrı hadisələr kimi deyil, ümumi siyasi
mənzərənin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır.

Avropa Azərbaycanla münasibətlərini yalnız enerji əməkdaşlığı
çərçivəsində saxlamaq istəmir. Nəqliyyat, logistika, investisiya,
rəqəmsal inkişaf, bərpaolunan enerji, təhsil, turizm və regional
təhlükəsizlik kimi sahələr də bu münasibətlərin əsas
istiqamətlərinə çevrilir.

Azərbaycan isə coğrafi mövqeyi, iqtisadi imkanları, enerji
resursları və regiondakı siyasi çəkisi ilə Avropa üçün əhəmiyyətli
tərəfdaş olaraq qalır. Cənubi Qafqazda formalaşan yeni reallıqlar
göstərir ki, regionun gələcəyi ilə bağlı müzakirələrdə Azərbaycanın
mövqeyini nəzərə almadan dayanıqlı nəticələr əldə etmək
çətindir.

Əsas məsələ diplomatik fəallığın konkret nəticələrə
çevrilməsidir. Bu marağın real iqtisadi layihələrə, daha geniş
ticarət əlaqələrinə, nəqliyyat imkanlarının artırılmasına və
Azərbaycan vətəndaşları üçün viza prosedurlarının
sadələşdirilməsinə çevrilməsi daha vacibdir.

Beləliklə, Avropanın Bakıya artan diqqəti sadəcə diplomatik
protokolun intensivləşməsi deyil. Bu, Azərbaycanın Cənubi Qafqazda
və daha geniş Avrasiya məkanında artan strateji əhəmiyyətinin
beynəlxalq səviyyədə qəbul edildiyini göstərən prosesdir.