“AzInTelecom” “SİMA İmza”nı Afrika bazarına çıxarmağı planlaşdırır

Baş səhifə

Bakı.Trend:

“AzInTelecom” “SİMA İmza”nı Afrika bazarına çıxarmağı
planlaşdırır.

Trend-in
müxbirinin verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Bakıda
keçirilən X Beynəlxalq Bankçılıq Forumunda “AzInTelecom” şirkətinin
elektron imza həlləri üzrə bölməsinin rəhbəri Lalə İmanova
bildirib.

Onun sözlərinə görə, “AzInTelecom” sahibkarlar üçün SİMA
elektron imzasının idarə edilməsi funksiyalarına çıxış imkanlarını
genişləndirib. Belə ki, sahibkarlar artıq hər bir əməliyyatı SİMA
vasitəsilə ayrıca təsdiqləməyə ehtiyac olmadan, öz biznesləri
adından əməliyyatların aparılması səlahiyyətlərini əməkdaşlarına
həvalə edə bilərlər.

“Şirkətin müştəriləri xüsusi şəxsi kabinet vasitəsilə elektron
imzanı məsafədən sifariş edə, həmçinin əməkdaşlar arasında imza
səlahiyyətlərini və hüquqlarını bölüşdürə bilərlər. Bu, səlahiyyət
verilmiş əməkdaşlara imza sahibinin hər dəfə SİMA vasitəsilə
təsdiqini almadan şirkətin VÖEN-i ilə bağlı vergi və digər
əməliyyatları müstəqil şəkildə həyata keçirməyə imkan verir. Ötən
ilədək bu funksionallıq yalnız hüquqi şəxslər və dövlət qurumları
üçün əlçatan idi. Lakin bu il sahibkarların müraciətlərini və
ehtiyaclarını nəzərə alaraq şirkət məhsula çıxış imkanlarını
genişləndirib”, – deyə L. İmanova bildirib.

Onun sözlərinə görə, yenilik sahibkarların gündəlik fəaliyyətini
asanlaşdırmağa yönəlib.




“Misal üçün, müvafiq səlahiyyətlərin verilməsi sayəsində
mühasiblər sahibkarın əlavə təsdiqinə ehtiyac olmadan dövlət
qurumları vasitəsilə vergi və digər əməliyyatları müstəqil şəkildə
həyata keçirə bilərlər”, – deyə L. İmanova qeyd edib.

O, həmçinin istifadəçilərə elektron imzanın təhlükəsizliyinə
müstəqil nəzarət etməyə imkan verən “Aktiv sessiyalar”
funksionallığı barədə məlumat verib.

“Müştərilər SİMA İmza tətbiqinin müvafiq bölməsinə daxil olaraq
elektron imzalarının aktiv olduğu digər cihazları görə və onları
idarə edə bilərlər. İstifadəçi aktiv sessiyanın saxlanılmasını
istəmədiyi cihaz aşkar edərsə, həmin cihazı dərhal deaktiv edə
bilər”, – deyə o izah edib.

Xarici bazarlara çıxış planlarından danışan L. İmanova bildirib
ki, “AzInTelecom” bir sıra ölkələrlə, o cümlədən Afrika bazarında
fəaliyyət göstərən dövlətlərlə danışıqlar aparır.

Onun sözlərinə görə, hazırda şirkət Afrika ölkələrindən biri ilə
danışıqlar aparır və yaxın vaxtlarda həmin ölkəyə SİMA İmza həllini
təklif etməyi planlaşdırır.