
Bakı. Trend:
Bu gün Hörmüz boğazında iki böyük neft tankeri dəniz minasına
düşərək partlayıb.
Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
məlumatında öz əksini tapıb.
“SEPAH-ın Hörmüz boğazından keçidə nəzarət mərkəzinin dəfələrlə
xəbərdalrıq etməsinə baxmayaraq, boğazın təhlükəli cənub
hissəsindən keçməyə cəhd edən iki böyük neft tankeri dəniz minasına
düşərək partlayıb.
Sözügedən iki böyük neft tankeri ümumilikdə 4 milyon bareldən
çox xam neft daşıyırdı. Hazırda isə həmin tankerlər yanmaqdadır”,
-deyə SEPAH bildirib.
SEPAH-ın məlumatına görə, Fars körfəzi və Hörmüz boğazında GPS
sistemlərini söndürərək ABŞ ordusunun dəstəyi ilə boğazın qanunsuz
olaraq cənub hissəsindən keçməyə cəhd edən hər bir gəmi vəziyyətlə
üzləşəcək.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz
ticarəti iflic vəziyyətə düşüb.

