
Venesuela ABŞ-la neft sazişi elan edib
Venesuela cümə günü ABŞ hökuməti ilə ölkənin karbohidrogen
sənayesi üçün strateji infrastrukturun bərpası və yenidən
qurulmasına investisiyaların təşviq edilməsini nəzərdə tutan
“tarixi saziş” əldə etdiyini açıqlayıb.
Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez
bəyanatında bildirib ki, saziş ikitərəfli münasibətlərin
möhkəmləndirilməsinə və ölkənin enerji sektoruna böyük həcmdə
investisiyaların cəlb olunmasına şərait yaradacaq.
Bəyanatda qeyd olunub ki, saziş özəl operatorların iştirakı ilə
Venesuelada neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına
imkan verəcək.
Sənəddə “təsdiqlənmiş neft ehtiyatları 65 milyard barrel
olan 17 strateji yatağın işlənməsi, 100 milyard ABŞ dollarından çox
investisiya qoyuluşu və dövlət büdcəsinə 209 milyard dollardan çox
vergi ödənişi” nəzərdə tutulur.
Həmin gün ABŞ Prezidenti Donald Tramp da Truth Social
platformasındakı paylaşımında bildirib: “Amerika Birləşmiş
Ştatları indicə Venesuela ilə DÜNYA TARİXİNDƏ ƏN BÖYÜK NEFT SAZİŞİ
üzrə razılaşma əldə edib!”
Yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelaya qarşı
genişmiqyaslı zərbə endirib və Venesuela Prezidenti Nikolas Maduro
ilə həyat yoldaşını zorla ələ keçirərək Nyu-Yorka aparıb.
Yanvarın 29-da Rodriguez ölkənin karbohidrogenlər haqqında
qanununa qismən dəyişikliklərin təsdiqləndiyini açıqlayıb.
Dəyişikliklər neft sektorunda özəl şirkətlərin iştirakının
genişləndirilməsinə imkan verir.

