Bakı. Trend:
Dövlət mülkiyyətində olan əmlakın qarşılıqlı razılıq əsasında
xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə
dəyişdirilə bilməsinin hüquqi əsasını yaradılacaq.
Trend-in
məlumatına görə, bu, Aqrar siyasət komitəsinin bugünkü iclasında
müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı
(dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya
dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri
dəyişdirmənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin
qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı
zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla
“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq
qiymətləndirici tərəfindən həyata keçiriləcək.
Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna təklif
edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də
qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.
Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın,
o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya
torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcəkdir.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli
istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi
fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı
razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının
yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq
subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə
xidmət edəcək.

