WUF13 “Urban Expo” sərgisi iştirak rekorduna imza atır

Baş səhifə

Bakı. Trend:

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) öz tarixinin ən
böyük şəhərsalma sərgisinə ev sahibliyi edərək, Bakı Olimpiya
Stadionunu innovasiya, əməkdaşlıq və dayanıqlı urbanistik həllərin
nümayiş olunduğu qlobal arenaya çevirəcəkdir.

Bu barədə Trend-ə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat
verilib.

Bildirilib ki, 3.5 hektar ərazini əhatə edən “Urban Expo”
sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirməklə
yanaşı, hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr,
beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər
kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və
yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması,
təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün
dinamik platforma funksiyasını yerinə yetirəcək.

“Urban Expo” iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki
həll yolları ilə tanış edən immersiv sərgidir. Sözügedən sərgidə
mənzil təminatı, iqlimədavamlılıq, rəqəmsal innovasiya, müyəssərlik
və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan
icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif
yanaşmalar nümayiş olunacaq.

Bu il keçiriləcək “Urban Expo” sərgisi vətəndaş cəmiyyətini
təmsil edən təşkilatların sosial inklüzivlik və müyəssərliyə həsr
olunmuş xüsusi qruplar və müştərək pavilyonlar şəklində rekord
səviyyəli iştirakı ilə yadda qalacaq. Həmçinin, yeni yaradılmış
“Biznes və innovasiyalar mərkəzi” adlı platformada təmsil olunan 45
şirkət və 14 startap layihəsi də daxil olmaqla, sərgi proqramında
özəl sektorun nəzərəçarpacaq dərəcədə geniş iştirakı
gözlənilir.




“Urban Expo” sərgisinin mərkəzi elementi isə şəbəkələşmə,
qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə
tutulmuş 2.5 hektarlıq açıq hava məkanı – WUF13 Bulvarıdır. Burada
iştirakçılar “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”, eləcə də
“WUF Akademiyası” kimi müxtəlif sərgi və proqram məkanları ilə
tanış ola biləcəklər.

“Urban Expo” sərgisi bazar günü 17 may tarixindən etibarən
iştirakçılar üçün açıq olacaq. Rəsmi açılış isə bazar ertəsi 18 may
tarixində, saat 10:00-da “Urban Expo” məkanında keçiriləcək. Açılış
zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru
Anaklaudia Rossbaxın iştirakı ilə lentkəsmə mərasimi baş
tutacaq.

Şəhərsalma sahəsində qlobal təcrübə mübadiləsi üçün
platforma

WUF13 “Urban Expo” sərgisi yerli təşəbbüs qruplarından tutmuş
milli hökumətlərə, eləcə də tədqiqatçılardan başlayaraq startap
nümayəndələrinə qədər şəhərlərin gələcəyini formalaşdıran müxtəlif
tərəfləri bir araya gətirir.
Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sərgisi olan
“Urban Expo” sərgisi əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin
genişləndirilməsinə, eləcə də mənzil təminatı və dayanıqlı
şəhərsalma sahəsində qlobal müzakirələrin praktiki fəaliyyət,
innovasiya və qarşılıqlı təcrübə mübadiləsi ilə əlaqələndirilməsinə
xidmət edir.

“Urban Expo” sərgisi ilə bağlı ətraflı məlumatı Urban
Expo səhifəsindən
əldə etmək mümkündür.