
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Xalq
artisti, görkəmli kino və teatr aktyoru Fəxrəddin Manafovla görüş
keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilir ki, görüşdə Macarıstanda yaşayan soydaşlarımızla
yanaşı, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Gürcüstanın
Macarıstandakı səfirləri də iştirak ediblər.
Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli ömrünün
böyük hissəsini ölkəmizdə kino və teatr sahələrinin inkişafına həsr
edən Fəxrəddin Manafovla görüşün soydaşlarımız üçün xüsusi önəm
daşıdığını vurğulayıb. Bildirib ki, belə görüşlər milli
mədəniyyətimizin tanıdılması, gənclərin incəsənətə marağının
gücləndirilməsi baxımından mühüm rol oynayır, görkəmli aktyorun
kino və teatra göstərdiyi misilsiz xidmətlər isə yeni nəsil üçün
ilham mənbəyidir.
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və
səlahiyyətli səfiri Tahir Tağızadə çıxışında Fəxrəddin Manafovun
zəngin yaradıcılığından söz açaraq, onun müxtəlif ekran işlərində
və teatr səhnələrində canlandırdığı xarakterik obrazlarla ölkəmizdə
və xaricdə geniş tamaşaçı sevgisi qazandığını qeyd edib. Xalq
artistinin yaratdığı rolların milli kinomuzun və mədəniyyətimizin
inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Daha sonra soydaşlarımızı maraqlandıran sualları cavablandıran
Fəxrəddin Manafov zəngin yaradıcılıq yolu, kino və teatr sahəsində
əldə etdiyi təcrübə, eləcə də mədəniyyətin cəmiyyətin
formalaşmasındakı rolu ilə bağlı fikirlərini bölüşüb. O, sənətə
olan sevgisini və sədaqətini uğurunun əsas amili kimi
dəyərləndirib, hər kəsə daim öz üzərində işləməyi və milli
dəyərlərə sadiq qalmağı tövsiyə edib. Xalq artisti göstərilən
qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Macarıstan
Azərbaycan Evinə, görüşə qatılan soydaşlarımıza minnətdarlığını
ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan kinosundan, sənətkarın kinoda və
teatrda yaratdığı obrazlardan söhbət açılıb. Dövlətimizin
mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs
edilib.
Toplantıda Fəxrəddin Manafovun ifasında “Otello”nun monoloqu”
videoçarxı göstərilib.
Mədəniyyət və incəsənət sahəsi üçün mühüm əhəmiyyət kəsb edən
görüş iştirakçılarda xoş və unudulmaz təəssüratlar yaradıb.

