
Bakı. Trend:
Dağıstanda 8 yaşayış məntəqəsində 1 091 yaşayış evi, 1146
həyətyanı sahə və 70 yol hələ də su altında qalıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.
Martın 28-29-u və aprelin 5-də yağan leysan yağışlar nəticəsində
Dağıstanda torpaq sürüşmələri və daşqınlar baş verib, yollara və
körpülərə ciddi ziyan dəyib. Leysan yağışları eyni zamanda yüzlərlə
evlərin su basmasına, su və elektrik təchizatında fasilələrə səbəb
olub.
Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hidroloji
vəziyyətin fasiləsiz monitorinqi aparılır, suyun kənarlaşdırılması
üzrə işlər təşkil edilib. Xilasedicilər zərərçəkənlərə yardım
göstərir, ərzaq və zəruri tələbat malları çatdırırlar. Suyun
çəkildiyi ərazilərdə isə fövqəladə xidmətlər digər işlərə başlayıb
– suyun çəkilməsi, ərazilərin təmizlənməsi və tullantıların
daşınması, dezinfeksiya və sanitariya işləri aparılır.


