Dünya Bankı Suriyaya 20 milyon dollar qrant ayırıb

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) Suriyaya
20 milyon dollar məbləğində qrant ayırıb.

Trend xəbər verir
ki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyə
bildirib.

Qeyd olunub ki, Suriyaya təqdim olunan bu ikinci qrant dövlət
vəsaitlərinin istifadəsinin səmərəliliyini, şəffaflığını və
hesabatlılığını artırmağı hədəfləyir. Qrantın əsas
komponentlərindən biri nazirlik daxilində maliyyə yardımlarının
idarə olunması üçün “SEAFS” adlı bölmənin yaradılmasıdır. Bu bölmə
milli və beynəlxalq layihələrin koordinasiyasını həyata keçirəcək,
müxtəlif kanallar vasitəsilə təqdim edilən maliyyə yardımlarına
nəzarəti və maliyyə intizamını gücləndirəcək.




Nazir bildirib ki, Dünya Bankının İcraçı Direktorlar Şurası
Suriyada dövlət maliyyəsinin idarə edilməsinin gücləndirilməsi
istiqamətində atılan addımları dəstəkləyir. O əlavə edib ki,
Səhmdarlar Şurasının növbəti iclasında dəyəri 1 milyard dollardan
çox olan və müxtəlif sektorları əhatə edən qrant layihələri
müzakirə olunacaq. Nazir həmçinin iclasın gündəliyinə ölkəsindəki
vəziyyətin müzakirəsinin də salınacağına ümid etdiyini
bildirib.

Qeyd edək ki, Dünya Bankı ötən il iyunun 25-də Suriyada elektrik
təchizatını yaxşılaşdırmaq və iqtisadi vəziyyətin yaxşılaşmasını
dəstəkləmək məqsədilə 146 milyon dollar məbləğində ilk qrantı
təsdiqləmişdi.