
Bakı. Trend:
TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu)
Şərq və Qərb arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi
istiqamətində növbəti addımdır.
Trend xəbər verir
ki,, bunu Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall XIII
Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və
Avrasiyanın nəqliyyat qapıları” adlı panel iclasında bildirib.
“TRIPP – 42 kilometrlik seqment – dövlət və özəl iştirakçılar
üçün Orta Dəhlizin cəlbediciliyini artıraraq və dövriyyəni
genişləndirərək dəyərli alternativ təmin edəcək. Beləliklə, mövcud
şəraitdə Orta Dəhliz sabitləşdirici ox rolunu oynamalıdır. Bu,
sadəcə infrastruktur layihəsi deyil. Bu, sabitlik, şaxələndirmə və
müstəqillik üçün strateji alətdir”, – deyə o bildirib.
Birçall qeyd edib ki, bu gün Qafqaz və Mərkəzi Asiya artıq
yalnız enerji və ya ticarət üçün tranzit dəhlizləri kimi nəzərdən
keçirilmir.
“Onlar strateji əhəmiyyətli nöqtələrə çevriliblər və onların
siyasi qərarları, təhlükəsizlik arxitekturası və iqtisadi
dayanıqlığı yalnız öz gələcəklərini deyil, həm də Avropadan Asiyaya
qədər qüvvələr balansını formalaşdıracaq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan regionlar, bazarlar və
mədəniyyətlər arasında əlaqələndirici rol oynamaq bacarığını
nümayiş etdirərək Orta Dəhlizin əvəzolunmaz dayağına çevrilib.
“Son illərin sarsıntıları bir daha təsdiqlədi ki, nəqliyyat
sisteminin dayanıqlılığı bütövlükdə ölkənin dayanıqlılığı deməkdir.
Bu hadisələr təhlükəsiz alternativ dəhlizlərin yaradılmasının
zəruriliyini göstərdi və region üçün qlobal təchizat zəncirlərində
daha mühüm rol oynamaq imkanı açdı”, – deyə A. Birçall
bildirib.


