Rəşid Alimov: Mərkəzi Asiya Orta Dəhlizin əsas elementinə çevrilir

Baş səhifə

Mərkəzi Asiya Orta Dəhlizin əsas elementinə çevrilir.

“Report” xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (2016-2018) sabiq baş katibi, Tacikistanın keçmiş xarici işlər naziri (1992–1994) Rəşid Alimov XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, regionun nəqliyyat fəaliyyəti – sadəcə infrastruktur deyil, dayanıqlı inkişaf və iqtisadi müstəqillik üçün strateji şərtdir. O qeyd edib ki, Mərkəzi Asiya inkişaf təşəbbüslərini və layihələrini fəal şəkildə dəstəkləyir və son onillikdə Çinin “Bir Kəmər – bir yol” təşəbbüsü çərçivəsində infrastrukturun modernləşdirilməsində və regionun tranzit potensialının genişləndirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub.

“Asiya və Avropanı mərkəzi regionlar vasitəsilə birləşdirən ən etibarlı marşrutlardan biri olan Orta Dəhliz xüsusi əhəmiyyət qazanıb. Avropa İttifaqı mövcud infrastrukturu tamamlamağa, nəqliyyat sisteminin dayanıqlığını artırmağa və regionun inkişafına yeni təkan verməyə imkan yaradacaq bu dəhlizin genişləndirilməsinə böyük maraq göstərir”, – o deyib.

O bildirib ki, son illərdə Mərkəzi Asiya genişmiqyaslı dəyişikliklər yaşayıb: dəmir yolları modernləşdirilib, yeni beynəlxalq marşrutlar açılıb, nəqliyyat-logistika mərkəzləri yaradılıb, Xəzər yolu genişləndirilib, rəqəmsal həllər tətbiq edilir, prosedurlar sadələşdirilib.

“Mərkəzi Asiya Orta Dəhlizin əsas elementinə və Şərqlə Qərb, Şimalla Cənub arasında körpüyə çevrilir. Bu, sadəcə metafora deyil: bu, dağ silsilələrindən keçən tunellər, minlərlə kilometrlik çöllərdən keçən yollar, marşrutlar boyunca yerləşən müasir terminallardır. Region Avrasiyanın ən böyük bazarlarını birləşdirən etibarlı körpüyə çevrilir”, – o əlavə edib.