
BMT-nin baş Qərargahında təşkilatın Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində “Qadınların əhəmiyyətli rolu: səlahiyyətlərin artırılması üçün ittifaqların qurulması” mövzusuna həsr olunmuş tədbir keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, yan tədbir Serbiyanın ev sahibliyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.
Komitə sədri bildirib ki, qadınların səlahiyyətləndirilməsi üçün ittifaqların qurulması bərabərlik, sosial ədalət, davamlı inkişaf və güclü cəmiyyət quruculuğu baxımından mühüm əhəmiyyət kəsb edir. O, belə tədbirlərin ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və təcrübə mübadiləsinə töhfə verdiyini qeyd edib.
B.Muradova çıxışında Azərbaycanda qadın hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən də bəhs edib. Qeyd olunub ki, hazırda qanunvericilik orqanında qadınların təmsilçiliyi 20,8 faiz, yerli özünüidarəetmə orqanlarında isə 39,34 faiz təşkil edir. Dövlət qulluqçuları arasında qadınların payı 29,7 faizdir və bu göstərici ilbəil artmaqdadır.
O bildirib ki, qadın sahibkarlığının inkişafı istiqamətində də mühüm irəliləyişlər var. Belə ki, fərdi sahibkarların ümumi sayında qadınların payı 23 faizi keçib və bank əmanətçiləri, vergi ödəyiciləri, eləcə də daşınmaz əmlak sahibləri arasında qadınların sayı artmaqdadır.
Komitə sədri vurğulayıb ki, qadınların səlahiyyətləndirilməsi yalnız dövlət siyasəti ilə deyil, həm də dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, özəl sektor, beynəlxalq təşkilatlar və media arasında güclü əməkdaşlıqla mümkün olur. Bu baxımdan ölkələr arasında birgə tədbirlərin təşkili, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.
B.Muradova qadınların səlahiyyətləndirilməsinin ədalət və davamlı inkişaf naminə ümumi məsuliyyət olduğunu vurğulayaraq, ölkələri real dəyişikliklərə gətirib çıxaran əməkdaşlıq platformalarında birləşməyə çağırıb. O, həmçinin regional qadın liderlər şəbəkələrinin yaradılması, gənc qadınlar üçün mentorluq proqramlarının təşkili və qadın sahibkarlara dəstək mexanizmlərinin genişləndirilməsi kimi təşəbbüslərin vacibliyini qeyd edib.


