Qətər İranın raket hücumlarını qətiyyətlə pislədi

Baş səhifə

Bakı. Trend:

Qətər Dövləti İranın öz ərazisinə ballistik raket hücumlarını
qətiyyətlə pisləyərək, onları milli suverenliyin kobud şəkildə
pozulması, ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa
hücum, eləcə də regionun sabitliyini təhdid edən qəbuledilməz
eskalasiya kimi qiymətləndirib.

Trend-in
məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin X
səhifəsində dərc olunmuş bəyanatda bildirilib.

Sənəddə vurğulanır ki, Qətər bu hücuma beynəlxalq hüquqa uyğun
olaraq və təcavüzün xarakterinə mütənasib şəkildə – öz
suverenliyini, təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək
məqsədilə cavab vermək hüququnu özündə saxlayır.

Nazirlik qeyd edib ki, Qətər İran İslam Respublikası ilə
dialoqun əsas tərəfdarlarından biri olub və qalmaqdadır, fikir
ayrılıqlarının sülh yolu ilə həllinə və bölgədə eskalasiyanın
qarşısının alınmasına ardıcıl çağırışlar edir.




Bəyanatda Qətər ərazisinə edilən hücumların mehriban qonşuluq
prinsiplərinə zidd olduğu və heç bir bəhanə ilə qəbul edilə
bilməyəcəyi vurğulanıb. Bildirilib ki, Doha daim regional
münaqişələrdən uzaq durmağa çalışır və İranla beynəlxalq
ictimaiyyət arasında dialoqu təşviq edir.

Eyni zamanda qeyd olunub ki, atəşin yenidən başlaması xoş
niyyətləri əks etdirmir və ikitərəfli münasibətlərin qurulduğu
qarşılıqlı anlaşmanın təməllərini sarsıdır.

Bundan əlavə, Qətər İranın təcavüzü adlandırılan hadisə
nəticəsində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və
Bəhreynin suverenliyinin pozulmasını pisləyərək, bu dövlətlərin
təhlükəsizliyini və sabitliyini qorumaq istiqamətində atılan
addımlarda onlarla tam həmrəy olduğunu bir daha təsdiqləyib.

Sonda Xarici İşlər Nazirliyi regional təhlükəsizliyin qorunması
və daha geniş qarşıdurmanın qarşısının alınması üçün eskalasiya
hərəkətlərinə dərhal son qoymağa, danışıqlara qayıtmağa, ağıl və
müdrikliyə əsaslanan qərarlar qəbul etməyə çağırıb.