
Ukraynada 60 yaşdan yuxarı vətəndaşlar müqavilə əsasında hərbi xidmət keçə biləcəklər. Bununla bağlı qaydalar Prezident Volodimir Zelenski tərəfindən təsdiqlənib.
Modern.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin 108/2026 nömrəli fərmanına istinadla məlumat yayıb.
Məlumata görə, 60 yaşdan yuxarı şəxslərlə bağlanan hərbi müqavilələr bir il müddətinə nəzərdə tutulur və hərbi vəziyyət dövründə daha bir il uzadıla bilər. Şərtlərdən biri namizədin xidmət etməyi planlaşdırdığı hərbi hissənin komandirinin yazılı razılığının alınmasıdır. Eyni zamanda, şəxs hərbi-tibbi komissiya tərəfindən xidmətə yararlı hesab edilməlidir.
Bildirilib ki, ərizə və komandirin razılığı namizədin yaşayış yeri üzrə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinə təqdim olunur.
Zabit vəzifələrinə müraciət edənlər üçün isə bölmə komandirinin razılığı əlavə olaraq Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənməlidir.
Qeyd olunur ki, hərbi vəziyyət ləğv edildiyi və ya aradan qaldırıldığı halda bu müqavilələrə vaxtından əvvəl xitam veriləcək və hərbi qulluqçular tərxis ediləcəklər.

