
Bakı. Trend:
Avstraliyanın Viktoriya ştatında rekord səviyyədə istilər qeydə
alınıb. Ştatın şimal-qərbində yerləşən Hopetoun və Walpeup
şəhərlərində temperatur ilkin məlumatlara görə 48,9 dərəcəyə
çatıb.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, bu göstərici Hopetoun üçün 7 fevral 2009-cu
ildə qeydə alınmış əvvəlki maksimum temperatur – 48,8 dərəcəni
geridə qoyub.
Mildura şəhərində də hava 48,6 dərəcəyə yüksələrək Murray River
bölgəsində 1990-cı ilin yanvarında ölçülmüş 46,9 dərəcəlik əvvəlki
rekordu qırıb.
Melburnda da ekstremal istilər müşahidə olunub. Şəhərin
qərbindəki Lavertonda temperatur 45,5 dərəcə, cənub-qərbdəki Point
Cookda 45,3 dərəcə, Melburn hava limanında isə 44,1 dərəcə isti
qeydə alınıb.
Oxşar vəziyyət Cənubi Avstraliyada da yaşanıb. Renmark şəhərində
temperatur 49,6 dərəcəyə çataraq bu yaşayış məntəqəsi üçün bütün
zamanların ən yüksək göstəricisi olub.
Meteoroloqlar bildirirlər ki, mərkəzi Avstraliya üzərində
formalaşan güclü istilik dalğası cənub-şərq istiqamətində hərəkət
edir. Tasmaniyadakı yüksək təzyiq zonası və Qərbi Avstraliyada
keçmiş tropik Luana siklonunun qalıqları bu isti havanın bölgədə
“sıxılıb qalmasına” səbəb olub.


