
Azərbaycanın Energetika Nazirliyinin enerji səmərəliliyi kampaniyası çərçivəsində influnserin övladı ilə rus dilində danışması və çəkilmiş videonun nazirliyin rəsmi feysbuk hesabında paylaşması birmənalı qarşılanmayıb. Belə ki, Nazirliyin rəsmi sosial şəbəkə hesabında yayımlanan videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində danışılıb, öz doğma dilimizdən isə alt yazıda istifadə olunub.
Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdiyi bir dönəmdə nazirliyin videoya çəkdiyi influnserin və övladının rus dilində danışmasında, öz doğma dilimizə isə alt yazıda yer verilməsi sosial media istifadəçilərində suallar doğurub.
Məsələ ilə bağlı Modern.az Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Amil Həsənovla əlaqə saxlayıb.
Qurum rəsmisi qeyd edib ki, enerjinin səmərəliliyi kampaniyası çərçivəsində artıq 160-dan çox fərqli şəxsin videosu var. Həmin videolar müxtəlif dillərdə hazırlanıb və bu kampaniyaya qoşulan şəxslərin videolarını seçim əsasında indiyədək sosial media səhifələrimizdə paylaşılıb:
“Rus dilində olan videolarla yanaşı, ingilis dilində də çarxlar var. Niyə məhz rus dilində olan təbliğata mənfi yöndən yanaşılır?”.
Amil Həsənov qeyd edib ki, Azərbaycanda müxtəlif ana dilli vətəndaşlar var. Uyğun dillərdə reklamların olması məqsədəuyğundur:
“Rus dilində olmasına baxmayaraq alt yazı Azərbaycan dilindədir. Nəticədə reklamın təsir imkanları genişlənir. Azərbaycan dilində də kifayət qədər videoçarxlar hazırlanır”.
O qeyd edib ki, təşkilat heç bir influnserlə müqavilə bağlamır və buna görə heç kəsə ödəniş edilmir:
“Bu, könüllülük təşəbbüsüdür və biz yalnız həmən materialları seçim əsasında rəsmi səhifəmizdə paylaşırıq”.


