Bakı. Trend:
İsveçdə baş verən “Yohannes” qasırğası nəticəsində iki nəfər
həlak olub, 40 mindən çox ev elektriksiz qalıb, minlərlə ağac isə
yolları bağlayıb.
Trend xəbər verir ki, bu
barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.
Bildirilir ki, ölkənin əksər bölgələrində güclü küləklər
müşahidə olunur, bəzi ərazilərdə küləyin sürəti saniyədə 45 metri
ötür.
Yıxılan ağaclar əsas magistral və yerli yollarda çoxsaylı
tıxaclara səbəb olub. “Təkcə İsveçin mərkəzi hissəsində mindən çox
ağac yıxılıb. Bəzi ərazilərdə işləri müvəqqəti dayandırmışıq, çünki
bu, ağacları təmizləyənlər üçün təhlükəlidir”, – deyə Nəqliyyat
İdarəsinin sözçüsü Denni Eriksson bildirib. Qurum sürücüləri
qasırğa səngiyənədək evdə qalmağa çağırıb.
Qasırğa başlamazdan əvvəl Nəqliyyat İdarəsi ölkənin mərkəzi və
şimal bölgələrində dəmir yolu hərəkətinin dayandırıldığını elan
etmişdi. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə marşrut üzrə
dəniz bərə xidmətləri də ləğv edilib.

